Sumqayıt İH-nin “Şəhid adı” qalxanı və FHN-in “Oxunmadan silinən” cavabdehliyi: Qanun hamı üçün eyni deyil? – FOTO/VİDEO
Bu gün, 11:46

Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 289a ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının fasadında aparılan qanunsuz dəyişikliklər, daşıyıcı divarların kəsilərək qapıya çevrilməsi və səki-yaşıllıq zolağının zəbt edilməsi barədə Faktum.az olaraq dəfələrlə tənqidi materiallar dərc etmişdik.
https://faktum.az/sumqayitda-qanunsuzluq-cetir-kimi-genislenir-video/
Sözügedən özbaşınalıqla bağlı avqustun 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə (FHN) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi media sorğuları ünvanlamışdıq.
Keçən müddət ərzində ortaya çıxan mənzərə isə dövlət qurumlarının media sorğularına və şəhərsalma intizamına olan münasibətini bütün çılpaqlığı ilə ifşa edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şifahi şəkildə bildirdi ki, Sumqayıt ərazisində bu kimi tikinti və şəhərsalma pozuntularına cavabdeh birbaşa yerli İcra Hakimiyyətidir. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərini tapdalayaraq rəsmi sorğumuzu cavabsız qoydu.
Rəsmi cavab verməkdən yayınan İcra Hakimiyyəti sosial şəbəkədəki rəy bölməsində əvvəlcə “Şikayətiniz qeydə alındı. Aidiyyəti üzrə yönləndirildi” yazmaqla kifayətləndi. Ərazidə qanunsuzluğun qarşısını almalı olan əsas cavabdeh qurumun “aidiyyəti üzrə” dedikdə kimi nəzərdə tutduğu isə qaranlıq qaldı.
Daha sonra isə həmin məsələ ilə bağlı daha bir paylaşımın rəy bölməsində İcra Hakimiyyəti uzun bir “bəyanat” yayaraq, sözügedən tikintinin şəhid anasına məxsus olduğunu vurğuladı və bizi sətiraltı qərəzli olmaqda, hətta etik normaları pozmaqda günahlandırdı.



Belə olan halda İcra Hakimiyyətinin unutduğu “Şəhid bulağı” və sökülən dönərxana yadımıza düşdü…

Şəhidlərimizin əziz xatirəsi və onların ailələri hər birimiz üçün müqəddəsdir. Lakin şəhər rəhbərliyinin qanunsuzluğu pərdələmək üçün “şəhid adı”nı qalxan etməsi ciddi suallar doğurur.
O zaman elə həmin Sumqayıtda vaxtilə qanunsuz hesab edilərək sökülən Şəhid bulağı hansı məntiqlə sökülmüşdü?
Həmçinin, bu cavab mənə təqribən 5 il əvvəl baş vermiş bir hadisəni xatırlatdı. Belə ki, özünü şəhid qardaşı kimi təqdim edən bir nəfər şəxsən mənə zəng edərək, şəhid anasına məxsus kiçik dönərxananın Sumqayıt İH tərəfindən dağıdıldığından şikayətlənmişdi. Ondan İcra Hakimiyyətinin əsas gətirdiyi arqumentin nə olduğunu soruşmuşdum. O da “Səkinin üstündə idi” cavabını vermişdi.
O vaxt “qanun hamı üçün eşitdir” prinsipini əsas tutaraq məsələni yayımlamamışdım və ona da qurumun qanunlara əsaslanaraq öz vəzifəsini icra etdiyini izah etmişdim.
Bəs indi neyləyək? Səki üstündəki dükanı sökəndə “qanun” yadına düşən İcra Hakimiyyəti, yaşayış binasının fasadını darmadağın edib pilləkən ucaldanlara gələndə niyə ayrıseçkilik edir?
Niyə bir yerdə səki hamınındır, başqa bir yerdə isə qanunsuz tikintiyə göz yumulur?
Məsələnin digər rəzil tərəfi isə Fövqəladə Hallar Nazirliyinin (FHN) tutduğu mövqedir. Təxminən bir ay əvvəl Sumqayıtda hündürmərtəbəli binanın damında aparılan qanunsuz tikinti ilə bağlı video yayımlayarkən FHN-i etiketləmişdik. Nazirliyin mətbuat xidmətindən Gülçin xanım isə zəng edərək, bizdən rəsmi yazılı sorğu göndərməyimizi istəmişdi. Biz də heç 1 aydır onlara göndərilən sorğularımıza cavab verilmədiyini xatırlatmışdıq.
Xanımla qısa çəkən bu danışığımızdan az sonra email ünvanımıza bildiriş gəldi: “Not Read: [Məktub oxunmadan silindi]”.

İnsanların təhlükəsizliyinə, binaların daşıyıcı konstruksiyalarına cavabdeh olan bir nazirliyin mətbuat xidməti rəsmi media sorğusunu OXUMADAN SİLİR!
Bu, dövlət qurumunun rəsmi mətbuat sorğusuna, jurnalist fəaliyyətinə və ən əsası vətəndaş təhlükəsizliyinə olan “məsuliyyətinin” bariz göstəricisidir.
Məsul qurumların məsuliyyətsiz yanaşdığı fakt ortadadır!
Ərazidən təqribən bir həftə əvvəl lentə alınan son görüntülərdən də aydın olur ki, aparılan işlər nəinki dayandırılmayıb, əksinə, daha da genişləndirilib.
Maraqlıdır: Şəhərsalma qanunvericiliyi Sumqayıtda kimin maraqlarına görə dəyişir? Və dövlət qurumları nə vaxta qədər rəsmi sorğuları oxumadan silməklə məsuliyyətdən qaçacaqlar?
Faktum.az

