Məktəb, din və elm: keçmişdən bu günə...Elm sübutla, inanc isə etiqadla bağlıdır.

Bu gün, 15:17           
Məktəb, din və elm: keçmişdən bu günə...Elm sübutla, inanc isə etiqadla bağlıdır.
Bəlkə də deyəcəklərim çoxlarının xoşuna gəlməyəcək. Amma mən öz gördüklərimi, yaşadıqlarımı yazıram.
Bizim məktəb illərimiz 90-cı illərə, Sovet İttifaqının dağıldığı dövrə təsadüf etdi. Birinci sinfə Sovet dövründə getmişdik və 1990-cı ilə qədər üzərimizdə vahid məktəbli forması var idi. Hamımız eyni geyimdə məktəbə gəlirdik. Heç kim geyiminə görə digərindən fərqlənmirdi.
90-cı illərdən sonra Sovet dağıldı, vahid məktəbli forması da aradan qalxdı. Uşaqlar əllərinə nə keçirdisə, onu geyinib məktəbə gəlirdilər. Amma həmin dövrdə nə müəllimlərimizin başında hicab vardı, nə də məktəbli qızlar başlarını örtürdülər.
O illərdə İranla sərhəddə gediş-gəliş mövcud idi. İranda dini təhsil alan mollalar Azərbaycanda məscidlərdə dini kurslar açır, oğlan və qızları bu kurslara dəvət edirdilər. Onlara pulsuz ərəb dili və Quran öyrədilirdi. Lakin bu kurslarda qızlara belə bir fikir də aşılanırdı: həddi-buluğa çatdıqdan sonra başlarını mütləq örtməlidirlər.
Bir müddət sonra biz də həmin kurslara yazıldıq, gedib-gəlməyə başladıq. Orta məktəbdəki müəllimlərimiz isə bundan ciddi narahatlıq keçirirdilər. Onlar açıq şəkildə bildirirdilər ki, bu kurslar bizim məktəb təhsilimizə və gələcək inkişafımıza mənfi təsir göstərə bilər.
Müəllimlərimiz bəzən valideynlərimizlə də əlaqə saxlayır, bizi gözləyən təhlükələri izah edir, gələcəyimizi düşünməyə çağırırdılar. Zaman keçdikcə həmin kurslara gedən uşaqların bir qismi təhsili yarımçıq qoydu. Çünki başa düşürdülər ki, yalnız dini kurslarda öyrədilən biliklərlə həyatın bütün imkanlarını əldə etmək, müxtəlif peşələrə yiyələnmək mümkün deyil.
Bu gün geriyə baxanda həmin müəllimlərimə böyük minnətdarlıq hissi duyuram. Onlar bizi vaxtında xəbərdar etdilər, dünyaya daha geniş baxmağımıza, təhsilin və elmi biliklərin əhəmiyyətini anlamağımıza kömək etdilər. Onların bizi hansısa yoldan çəkindirməkdən daha vacib bir missiyası vardı: gələcəyimizi öz seçimlərimizlə qurmağımıza imkan yaratmaq.
Məni narahat edən məsələ isə bu gün həmin mənzərənin məktəblərdə yenidən qarşıma çıxmasıdır. Baxıram ki, başını örtən müəllimlərin sayı artıb. Xüsusilə biologiyadan, insan anatomiyasından dərs deyən müəllimlərin dini geyimlərini peşəkar fəaliyyətləri ilə necə uzlaşdırdıqları barədə düşünürəm.
Burada məsələ müəllimin başını örtüb-örtməməsi ilə məhdudlaşmır. Əsas məsələ məktəbin hansı dünyagörüşünü təmsil etməsi, şagirdə hansı düşüncə tərzini aşılamasıdır. Məktəb elmin, tənqidi düşüncənin, sual verməyin və sübutlara əsaslanmağın məkanı olmalıdır.
Biologiya bizə insan orqanizminin necə işlədiyini, anatomiya bədənimizin quruluşunu, elm isə təbiət hadisələrinin hansı qanunauyğunluqlara tabe olduğunu izah edir. Bu biliklərin əsasında müşahidə, araşdırma və sübut dayanır. Dini inanclar isə başqa bir sahəyə — inanc və mənəvi dəyərlər dünyasına aiddir.
Özümüzü aldatmayaq: elm tədrisində dini inanc elmi sübutun yerini tutmamalıdır. Müəllimin şəxsi inancı ola bilər, buna hörmətlə yanaşmaq lazımdır. Amma sinif otağında əsas olan müəllimin şəxsi inancı deyil, öyrətdiyi elmi biliklərin doğruluğu və şagirdlərə müstəqil düşünmək bacarığı qazandırmasıdır.
Mənim narahatlığım kiminsə şəxsi geyimindən çox, təhsilin dini təsirlərin kölgəsində qalması ehtimalıdır. Çünki uşaqlar məktəbə yalnız dərs öyrənmək üçün gəlmirlər; onlar həm də dünyanı anlamağı, seçim etməyi, sual verməyi və gələcəklərini qurmağı öyrənirlər.
Məktəbin əsas vəzifəsi uşaqları hər hansı bir inancın çərçivəsinə salmaq deyil, onlara düşünmək azadlığı verməkdir.
Elm sübutla, inanc isə etiqadla bağlıdır. Bu iki sahənin sərhədlərini qarışdırmayaq və məktəbin elmi mahiyyətini qoruyaq.
Nushaba Shakarova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]