Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir
Bu gün, 17:57

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu.
Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır.
Azərbaycan və Kamboca otuz ildən artıqdır diplomatik əlaqələrə malikdir. İki ölkə liderləri arasında siyasi etimad və dostluq mövcuddur. Ölkələr arasında ticarət əlaqələri artmaqdadır, lakin hələ də ikitərəfli münasibətlər əsl potensialı əks etdirmir.
Hər iki ölkənin bir-birini tamamlayan güclü tərəfləri var və geniş bazarlara çıxış təklif edir. Azərbaycan üçün investisiya tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin müsbət tərəflərini bölüşmək və çətinliklər zamanı bir yerdə olmaq deməkdir. Kamboca ölkəmizin şirkətlərinin yeni tərəfdaşlıqlar axtarması və etimad qurması üçün dəstəklənən ölkədir. Bu proses çoxdan başlayıb və inkişafdadır.
Azərbaycan ilə Kamboca arasında biznes əlaqələrinin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından biznes-forumu mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycan əhəmiyyətli iqtisadi transformasiyaya nail olub, infrastrukturunu inkişaf etdirib, iqtisadiyyatını gücləndirib və beynəlxalq investisiyalar üçün yeni imkanlar yaradıb.
Azərbaycan Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və iqtisadi mərkəzlərindən birinə çevrilib. Bununla yanaşı, ölkədə neft-qaz sektorundan kənar sahələrin inkişafına da xüsusi diqqət yetirilir. Bu istiqamətlərdə Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Forumda Azərbaycanın ticarət, ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrini təmsil edən təxminən 80 şirkəti iştirak edir. Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi tədbirə qatılıb. Müxtəlif sektorları təmsil edən şirkətlərin iştirakı iki ölkə arasında əməkdaşlıq imkanlarının geniş olduğunu və tərəfdaşlığın ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərir.
Tufan Məmmədov – iqtisadçı ekspert

