Maykl Cordanın forması rekord məbləğə satıldı
Bu gün, 16:38

Basketbol əfsanəsi Maykl Cordanın 1998-ci il NBA final seriyasının ikinci oyununda geyindiyi forması hərracda 14 milyon dollara satılaraq basketbol atributikası tarixində mutləq qiymət rekordunu qırıb.
Oxu.Az bu barədə "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir.
Tarixdə üçüncü dəfədir ki, Cordanın 1998-ci il finalına aid formalarından biri 10 milyon dollar səddini keçir.
Cordanın üzərində avtoqrafı olan və "Çikaqo Bullz"un "Yuta Cazz"a qarşı seriyada hesabı bərabərləşdirməsinə kömək etdiyi qırmızı formanı Mayamidən olan daşınmaz əmlak investoru, iş adamı Ron Firman satın alıb.
Xatırladaq ki, həmin final seriyasının birinci oyununa aid forma 2022-ci ildə 10.1 milyon dollara, üçüncü qarşılaşmanın forması isə sentyabrın sonunda 12.3 milyon dollara satılmışdı. Bütün idman geyimləri arasında mütləq qiymət rekordu isə 1932-ci il final seriyasının 3-cü oyununda geyindiyi forması 2024-cü ildə 24.12 milyon dollara satılan amerikalı beysbolçu Beyb Ruta aiddir.
Maykl Cordan "Çikaqo Bulls"un heyətində 6 dəfə NBA çempionu, 2 dəfə Olimpiya çempionu olub və Basketbol Şöhrət Zalının üzvüdür.

