Milyarder iş adamı kriptovalyuta layihəsindən 117 NFT aldı
Bu gün, 16:34

ABŞ-li milyarder investor və iş adamı Adam Veytsman “Pudgy Penguins” layihəsinə dəstək məqsədilə 117 NFT satın alıb.
Valyuta.az xəbər verir ki, metakainat (metaverse) və NFT layihələrinə yatırımları ilə tanınan iş adamı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Veytsman çətin dövrdən keçən “Pudgy Penguins” layihəsinə dəstək olmaq istədiyini bildirib. O, layihəyə və onun icmasına inamı gücləndirmək məqsədilə blokçeyn üzərindən 117 NFT aldığını açıqlayıb.
İş adamı qeyd edib ki, “Pudgy Penguins” onun sevimli NFT kolleksiyalarından biridir və layihənin fəaliyyətini davam etdirməsini istəyir.
Sərvətinin 1,5 milyard dolları keçdiyi bildirilən Weitsman metal tullantılarının təkrar emalı ilə məşğul olan “Upstate Shredding” şirkətinin sahibidir.
O, bundan əvvəl də “Bored Ape Yacht Club”, “Otherside”, “CryptoPunks” və “Moonbirds” kimi NFT layihələrinə investisiya yatırıb. Weitsman ötən ilin dekabrında ilk dəfə “Pudgy Penguins” NFT-lərini satın alıb.
Milyarderin yeni alışı “Pudgy Penguins” layihəsinin arxasında dayanan “Igloo” şirkətinin digər layihəsi olan “Abstract”ın fəaliyyətini dayandırmaq qərarından bir neçə gün sonraya təsadüf edib.
Məlumata görə, “Igloo” Ethereum blokçeyninin ikinci səviyyəli şəbəkəsi olan “Abstract”ı likvidlik çatışmazlığı və institusional investorların marağının zəif olması səbəbindən bağlamaq qərarına gəlib. Şirkətin bu layihədə on milyonlarla dollar itirdiyi bildirilir.

