"Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA

Bu gün, 00:07           
"Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
İranın “Traktor” futbol klubunun adı ilə fəaliyyət göstərən “TRACTOR F.C.” sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib.

Modern.az xəbər verir ki, paylaşımda Türkiyədə bəzi dairələrin Azərbaycandakı məktəb geyimi qaydalarına etiraz etməsi ilə İranda türklərin dil hüquqları məsələsinə münasibəti müqayisə olunub.

“Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər?

İranda 40 milyona yaxın türk yaşayır. Lakin 100 ildən artıqdır ki, məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və digər obyektlərə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir. Hətta prezidentin öz dilində danışmasına belə çətinliklə icazə verilir”, – deyə paylaşımda iddia olunub.

Səhifə müəllifləri Türkiyədə Azərbaycanın məktəblərində baş örtüyü ilə bağlı müzakirələrə qoşulanlara müraciət edərək onların İrandakı türklərin problemlərinə eyni həssaslıqla yanaşmadıqlarını bildiriblər.

“Azərbaycan bir neçə həftədir baş örtüyü qadağasına görə öz qardaşlarınızın düşməninə çevrilib. Amma 100 ildir İranda yaşayan müsəlman türklərə qarşı aparılan assimilyasiya siyasətinə səsinizi çıxarmırsınız.

Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, insanlıqdan danışırsınızsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?” – paylaşımda vurğulanıb.

Beləliklə, “TRACTOR F.C.” səhifəsinin paylaşımında Türkiyədə Azərbaycanın məktəb geyimi qaydalarına yönələn tənqidlər fonunda İranda türklərin ana dilində təhsil hüququna münasibətdə ikili standartların olduğu iddia edilib.

Qeyd edək ki, İranda tədrisin əsas dili fars dilidir. Ölkə Konstitusiyasının 15-ci maddəsi regional dillərin mediada istifadəsinə və həmin dillərin ədəbiyyatının məktəblərdə öyrədilməsinə icazə versə də, ana dilində ümumi təhsil imkanlarının məhdudluğu uzun illərdir müzakirə mövzusudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]