Bir kitaba görə Mircəfər Bağırovun təqib edərək öldürdüyü filosof Heydər Hüseynov. Onun cəsədini dəfn etməyə "kişi" tapılmamışdı

Bu gün, 15:14           
Bir kitaba görə Mircəfər Bağırovun təqib edərək öldürdüyü filosof Heydər Hüseynov. Onun cəsədini dəfn etməyə "kişi" tapılmamışdı
Mircəfər Bağırov təqib etdiyi adamın axırına çıxmasaydı, ondan əl çəkməzdi. Heydər Hüseynov onun qəzəbinə tuş gələnlərdən biri oldu. Mircəfər Bağırov 1950-ci ilin may ayında Stalin mükafatına layiq görülmüş Heydər Hüseynovun "XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" kitabını zərərli, pantürkist, burjua-millətçi əsər kimi ittiham etdi. Bundan sonra Mircəfər Bağırov respublikanın partiya, sovet, mədəniyyət orqanlarını və elmi idarələrini ona qarşı səfərbər etdi, total təqib kampaniyası başlatdı.
O, hətta bu təqib kampaniyasını İttifaq miqyasına çıxartdı. Bağırov Moskvaya yazaraq Heydər Hüseynovun Stalin mükafatını ləğv etdirdi.
İş o yerə çatdı ki, hamı Heydər Hüseynovdan qaçırdı, zəng edən, gəlib-gedən yox idi. O, sözün tam mənasında, əsəb gərginliyi içində tənha qalmışdı. Heydər Hüseynov bir gün Marksizm-Leninizm İnstitutundakı iş yerinə gələndə, rəsmi əmr olmasa da, gördü ki, onun direktor kabinetində müavini Yevgeni Tokarjevski oturub. Bu, onu aşağılamaq məqsədilə edilmişdi. Heydər Hüseynovun Bağırovun qəbuluna gedib vəziyyəti izah etmək və üzr istəmək cəhdləri heç bir nəticə vermədi. Bu gərginlik şəraitində o, Elmlər Akademiyasındakı iş otağında qapını içəridən bağlayıb ülgüclə damarlarını kəsdi.
Hadisə yerinə Akademiyanın prezidenti Musa Əliyev gəldi və o, hökumət telefonu ilə baş vermiş hadisə barədə yuxarılara xəbər verdi. "Yuxarıdan" xəbər gələnə qədər nə həkim çağırdılar, nə də onu xəstəxanaya apardılar. 15-20 dəqiqədən sonra Akademiyaya iki
nəfər "namǝlum" adam gəldi, vəziyyətin ağır olduğunu görüb "yuxarılarla" əlaqə saxladılar, yalnız saat yarım-iki saatdan sonra onu xəstəxanaya yerləşdirdilər.
Həsən Həsənov (Azərbaycan-sovet ictimai-siyasi xadimi Həsən Məmməd oğlu Həsənov) öz xatirələrində baş vermiş hadisəni belə təsvir edir: "Səhər mən işə gələndə Elmlər Akademiyasının prezidenti Musa Mirzə oğlu Əliyev zəng edib dedi: 'Bilirsinizmi, bu təxribatçı Hüseynov neyləyib?' Mən dedim ki, 'Nə edib?' O cavab verdi ki, 'Özünü öldürmə şəbehi çıxarıb, vena damarını kəsməyə cəhd edib.' Mən soruşdum: 'Harada?' O dedi: 'Öz kabinetində' (onun vitse-prezident kimi Akademiyada öz kabineti vardı). Mən Akademiyaya, Hüseynovun kabinetinə getdim. Orada xalça üzərində bir az çilənmiş qan gördüm. Soruşdum: 'Bəs Heydər hanı?' Əliyev cavab verdi ki, onu xəstəxanaya, Müalicə Komissiyasına götürüblər, ancaq yarası kiçikdir və həyatı təhlükədə deyil. Mən MK-ya gəldim. Bağırov zəng eləyib soruşanda ki, 'Nə yenilik var?', mən ona dedim ki, Hüseynovla bağlı belə bir hadisə baş verib. O, soyuqqanlılıqla dedi: 'Nə olar?' Mən bildim ki, o bilir, ona kim isə informasiya veribdir... Bağırov Heydərin xəstəxanadakı davranışını izləyirdi. O fikirləşirdi ki, kim onun yanına qaçacaqdır. Ona xəstəxanada çox az adam baş çəkdi. Bununla bağlı olaraq o (Heydər Hüseynov) çox pərt olmuşdu. Biz düşünürdük ki, o, MK-ya müraciət edəcək və hərəkətlərini izah edəcəkdir. Bağırov gözləyirdi ki, Heydər ona müraciət etsin və ondan üzr istəsin. Ancaq Heydər bunu etmədi. Onda o çox qəzəbləndi və Elmlər Akademiyasına, Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutuna göstəriş verdi ki, onun hərəkətlərini müzakirə etsinlər."
Bundan sonra partiya qeydiyyatında olduğu institut Heydər Hüseynovu partiyadan, Akademiya isə EA-nın həqiqi üzvlüyündən çıxardı. Yerlərdə onun adını hallandırmağa, onu yamanlamağa başladılar.
1950-ci ildə elm sahəsində Stalin mükafatı almış ölkənin ən istedadlı və perspektivli alimi Heydər Hüseynovun əsəbləri Mircəfər Bağırovun ona qarşı başladığı total təqib və təhdid kampaniyasına dözmədi. Xəstəxanadan sonra bir müddət Poluxin küçəsi 4 ünvanda yerləşən evində qaldıqdan sonra onu Şüvəlandakı bağına apardılar. O, avqust ayının 14-dən 15-nə keçən gecə 42 yaşında özünü asdı. Onun cəsədini Bakıya gətirdilər. Heydər Hüseynovu dəfn etməyə "kişi" tapılmadı. Onu yalnız bir neçə qadın dəfn etdi.
Yazı yazılarkən prof. Cəmil Həsənlinin "Bağırovdan sonrakı Azərbaycan: Ümidlər və illüziyalar (1953–1959)" kitabından istifadə edilmişdir
Azərbaycan Tarixi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]