Formula-1 Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalanıb

Bu gün, 09:44           
Formula-1 Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalanıb
Afrika qitəsində sonuncu dəfə Formula-1 yarışları 1993-cü ildə keçirilib.

Gununsesi.info xəbər verir ki, təşkilat çərşənbə axşamı Ruanda ilə onillik müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən, ölkədə yeni yarış trası tikiləcək.

İlk yarış paytaxt Kiqalidən təxminən 40 kilometr cənubda yerləşən Buqesera bölgəsində trasın tikintisi başa çatdıqdan sonra keçiriləcək. Bunun növbəti onilliyin əvvəlində baş verəcəyi gözlənilir. “Nu.nl” nəşrinin yazdığına görə, Afrika Qran-Prisinin ilk yarışının dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Afrikaya qayıtmaq Formula-1-in çoxdankı arzusu olub. Təşkilatın nümayəndələrinin sözlərinə görə, Ruanda ilə əldə olunan razılaşma uzun illər davam edən əməkdaşlığın nəticəsidir.

“Bu, Formula-1 üçün tarixi məqamdır. Gələn onillikdən etibarən Ruandanın yarış təqviminə daxil edilməsi ilə idman yarışları əhalinin yaşadığı bütün qitələrdə keçiriləcək. Beləliklə, dünya çempionatını planetin hər yerindəki azarkeşlərə əvvəlkindən daha çox yaxınlaşdıracağıq”, – deyə Formula-1-in direktoru Stefano Domenikali bildirib.

Formula-1-in məlumatına görə, Afrikada 100 milyondan çox insan bu idman növünü izləyir. Saharadan cənubda yerləşən əsas bazarlarda azarkeşlərin təxminən 60 faizi 35 yaşdan aşağıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]