Sudan istifadə qaydaları bundan sonra belə olacaq - RƏSMİ
Bu gün, 00:07

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” yeni redaksiyada təsdiqlənib.
TEREF-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərar1. Qərar2
Qaydalara əsasən, sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılır. Sudan istifadə haqqı (tariflər) və 4 sudan istifadə haqqının (tariflərin) yuxarı həddi Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.Sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi uçot üzrə məlumatları “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edir və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bələdiyyələr tərəfindən müəyyən edilir. Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən edilir. Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsinə, o cümlədən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsinə görə ödənişlər həyata keçirilir.Ödənişlər Agentliyin xəzinə hesabına köçürülür. Su obyektlərindən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə götürülən suyun həcminə görə ödənişlər aşağıdakı qaydada hesablanır:
- suölçmə cihazı quraşdırıldığı hallarda:
- suölçmə cihazının göstəricilərinə əsasən;
- suölçmə cihazının göstəricisini və işləmə müddətini nəzərə alaraq suyun həcmini müəyyən etməklə;
- suölçmə cihazı quraşdırılmadığı və suyun götürülməsi üçün elektrik şəbəkəsi vasitəsilə ötürülən elektrik enerjisindən istifadə edildiyi hallarda – elektrik enerjisinin aylıq sərfiyyatının (kilovatsaat/ay) su götürən qurğunun və ya avadanlığın texniki göstəriciləri əsasında hesablanan elektrik enerjisinin xüsusi sərfinə (kilovatsaat/kubmetr) bölünməsi yolu ilə götürülən suyun həcmini müəyyən etməklə;
- suölçmə cihazı quraşdırılmadığı və suyun götürülməsi üçün elektrik şəbəkəsi vasitəsilə ötürülən elektrik enerjisindən istifadə edilmədiyi hallarda: -
hidroenergetika məqsədi üçün götürülən suya görə – istehsal olunan elektrik enerjisinin həcminə uyğun olaraq aparılan hesablamaya əsasən;
- sənaye məqsədi üçün götürülən yerüstü suya görə – texniki qurğunun və avadanlığın (sudaşıyan avtomobil istisna olmaqla) il ərzində maksimum sugötürmə imkanının 50 faizi miqdarında;
- digər məqsədlər üçün götürülən yerüstü suya görə – texniki qurğunun və avadanlığın (sudaşıyan avtomobil istisna olmaqla) il ərzində maksimum sugötürmə imkanının 10 faizi miqdarında;
- götürülən yeraltı suya görə – texniki qurğunun və avadanlığın (sudaşıyan avtomobil istisna olmaqla) il ərzində maksimum sugötürmə imkanının 10 faizi miqdarında;
- sudaşıyan avtomobil vasitəsilə götürülən suya görə – Agentliyin tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti və ya Agentliyin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi və ya fiziki şəxs arasında imzalanan akta əsasən.
Su obyektlərindən suyun götürülməsi zamanı müvafiq suölçmə cihazı su istifadəçiləri tərəfindən quraşdırılır.
Aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:
- “Regional Su Meliorasiya” QSC-nin emal edilməmiş su ilə təmin edilməsi;
- “Regional Su Meliorasiya” QSC və “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən içməli su təchizatı;
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.
Su obyektlərinə tullantı sularının axıdılmasına görə ödəniş su obyektlərinə faktiki axıdılan tullantı sularının həcminə əsasən hesablanır. Su obyektləri üzrə su ehtiyatlarının (yerüstü və yeraltı sular bölmələri üzrə) uçotunun aparılmasını, ödənişlərin edilməsinə və sudan istifadəyə nəzarəti Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti həyata keçirir.
“Regional Su Meliorasiya” QSC su istehlakçılarını ödənişli əsaslarla xam su ilə təchiz edir. Sudan istifadəyə görə ödənişlər təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında “Regional Su Meliorasiya” QSC tərəfindən təchiz edilən xam suyun həcminə uyğun hesablanır. Təchiz edilən xam suyun həcminə görə aşağıdakılar tərəfindən “Regional Su Meliorasiya” QSC-yə ödənişlər həyata keçirilir:
- əkin, həyətyanı və bağ sahələrinin (bundan sonra – əkin sahələrinin) suvarma suyu ilə təmin edilməsi məqsədilə ‒ Sudan İstifadəedənlər Birlikləri (SİB);
- əkin sahələrinin birbaşa (SİB olmadan) suvarma suyu ilə təmin edilməsi məqsədilə ‒ kənd təsərrüfatı istehsalçıları;
- qış otlaq sahələrinin və örüşlərin istifadəçiləri;
- təbii və ya süni yaradılmış su hövzələrində balıqçılıq təsərrüfatı ilə məşğul olan fiziki və hüquqi şəxslər;
- ev təsərrüfatları;
- sənaye müəssisələri;
- elektrik enerjisi hasilatı və elektrik stansiyalarının soyuducu sistemi üçün verilən suya görə – energetika müəssisələri;
- “İri Şəhərlərin Su Təchizatı” QSC (topdan);
- digər hüquqi və ya fiziki şəxslər.
Su istehlakçıları təchiz edilən xam suyun dəyərini cari ay üçün növbəti ayın 10-dək ödəyirlər. “Regional Su Meliorasiya” QSC tərəfindən xam su təchizatı məqsədilə suyun götürülməsi aşağıdakı hədlərdə təmin olunur:
- sərhəd çaylarından – Azərbaycan Respublikasının qonşu dövlətlərlə bağladığı sazişlərlə müəyyən edilmiş su limitləri həddində;
- Azərbaycan Respublikasının çaylarından – 75 faiz təminatlı illik su axımı həddində;
- digər su mənbələrindən – təsdiq olunmuş istifadə limitləri həddində.
Su təminatı qeyd edilən hədlərdən aşağı olduqda (mənbədə su çatışmadığı hallarda), “Regional Su Meliorasiya” QSC su istehlakçılarını 30 (otuz) təqvim günü əvvəldən (fors-major halları istisna olmaqla) xəbərdar etməklə, verilən xam suyun miqdarını mütənasib olaraq azaldır və əhalinin içməli suya olan tələbatını nəzərə almaq şərtilə bərabər təminat prinsipinə əsaslanaraq buraxılmasını təmin edir. Su istehlakçılarına təchiz ediləcək xam suyun həcmi su mənbəyinin və suvarma sisteminin imkanları nəzərə alınmaqla müəyyən edilir və tərəflər arasında bağlanılmış müqavilədə göstərilir.
“İri Şəhərlərin Su Təchizatı” QSC və “Regional Su Meliorasiya” QSC fəaliyyət istiqamətlərinə uyğun olaraq su istehlakçılarını mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla içməli su ilə təchiz edirlər. Su istehlakçıları tərəfindən istifadə olunan içməli suyun və bu Qaydalara uyğun olaraq alınan suyun həcminə görə ödəniş təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır. İstifadə olunan içməli suyun həcminə görə “İri Şəhərlərin Su Təchizatı” QSC-yə və ya “Regional Su Meliorasiya” QSC-yə ödənişlər aşağıdakılar tərəfindən həyata keçirilir:
- əhali istehlakçı qrupu (məişət abonentləri) – yaşayış binalarının mənzillərində, yaşayış evlərində, həmçinin qarajlarda, həyətyanı və bağ sahələrində içməli sudan məişət ehtiyacları üçün (suvarma da daxil olmaqla) istifadə edən istehlakçılar (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər istisna olmaqla);
- qeyri-əhali istehlakçı qrupu – istifadə təyinatından asılı olmayaraq bütün istehlakçılar;
- sudan xammal kimi istifadə edən istehlakçı qrupu – içməli sudan xammal kimi istifadə etməklə içkilərin sənaye üsulu ilə istehsalını həyata keçirən qeyri-xidmət sahələri.
“Regional Su Meliorasiya” QSC tərəfindən içməli su təchizatı məqsədilə “İri Şəhərlərin Su Təchizatı” QSC-dən alınan suyun həcminə görə həmin QSC-yə ödənişlər həyata keçirilir.SİB tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ödənişli əsaslarla həyata keçirilir. Xidmət göstərdiyi ərazilərdə əkin sahələrinin suvarma suyu ilə təchizatı SİB ilə onun üzvləri və ya digər kənd təsərrüfatı istehsalçıları arasında bağlanılan, aylar üzrə sudan istifadə qrafikini özündə əks etdirən müqavilə əsasında həyata keçirilir. SİB əkin sahələrinə verilən suvarma suyuna görə təsdiq edilən sudan istifadə haqqının (tarifinin) yuxarı həddindən çox olmayaraq sərbəst qiymətlər müəyyən edir.

