ÖLÜM QORXUSU

Bu gün, 12:34           
ÖLÜM QORXUSU
Məncə, dünyada mövcud olan incəsənət növlərinin hamısı zamanı dondurmaq, onun hərəkətini dayandırmaq ehtiyacından yaranıb.
İnsan övladı ta qədimdən üzü bəri, varlığına hakim kəsilmiş və heç vəchlə anlaya bilmədiyi qəribə bir hisdən yaxa qurtarmağa can atıb.
Bu, - ÖLÜM QORXUSUDUR!
...Əlbəttə, o, ölümün nə olduğunu bilməyib: ölüm, nə olan şeydir və necə olur ki, dünən birgə ova getdiyi; qayalara dırmaşan, dərələrdə qaçan, yemək yeyən, su içən, yatan, duran birisi bugün qəflətən yıxılıb hərəkətsiz, nəfəssiz qalır?..
Vaxt ötdükcə nəhayət ona çatır ki, bu nədirsə, əbədi bir itkidir - uzanıb qımıldanmayan adam bir də heç vaxt durub, ya ayılıb ova getməyəcək, bir də heç vaxt qışqırmayacaq, ağlamayacaq, gülməyəcək...
Bəli, insan ölüm təhlükəsindən qurtulmaq üçün, həmişə (təhtəlşüur) yollar axtarıb... Ürəyinə damıb ki, iradəsi xaricində nəsə görünməyən təhlükəli bir şey mövcuddur və o "şey" daima hərəkətdədir, - axır, dayanmadan axır, axır... Bu "nə isə"-nin zamanın hərəkəti olduğunu dərk etməsə də, görür, duyur ki, - qəribədir; saysız-hesabsız günlər, gecələr keçir - yağış yağır, qar yağır, gün çıxır və günlərin birində... insan geriyə dönüşü olmayan, qorxunc, amma labüd bir gerçəkliklə üzləşməyə məhkumdur... Və onda, instiktiv olaraq, zamanı, onun hərəkətini saxlamaq, durdurmaq ehtiyacı yaranır.
Bunu həyata keçirmək üçün onun ilk addımı...daşlar üzərində özünün və yaxınlarının rəsmlərini cızmaq, qayaların səthində, sığındığı mağara divarlarında müxtəlif ov səhnələri və mərasimlərin emossianal məqamlarını yonmaq, oymaq olur!..
Bioloji varlıq olan insan, polealit dövründən mezolit dövrünə qədər, (yəni arxantrop və homo habilisdən neandertal insana qədər), elə zənn edib ki, bununla vaxtın amansız axarını ləngidə, yaxud dondura bilər. Hətta özünü birdəfəlik inandırıb ki, ölüm qorxusundan xilas olmağın bundan başqa çarəsi yoxdur.
Daha sonra, insan övladı özünün əksinə tamaşa etməkçün vulkanik obsidian daşlardan güzgülər düzəltdi...
Daha sonra, özünü əbədiləşdirməkçün daşdan, mərmərdən, qranitdən heykəllər yapdı...
Daha sonra, anı dondurmaq üçün fotoşəkillər icad elədi...
Daha sonra, həmin fotoşəkilləri hərəkətə gətirdi...
Daha sonra, zamanı yaddaşa köçürmək üçün KİNO adlanan vizual sənət növü yaratdı...
Beləliklə, iddia edə bilərik ki, "incəsənət" dediyimiz sənət növləri zamanın bətnindən doğuldu, zamanın hərəkətini dondurmaq ehtiyacından yarandı.
Və ZAMAN bütün sənət növlərinin "yorğan davası"-na çevrildi.
Kinofilmlər zamanın özünə baxdığı güzgüdür - o güzgü ki, orada RUH özünə yuva salıb və o yuvada insan ürəyi zamanın saatını əvəzləyir. Bu "saatı" saxlamaq, durdurmaq, yaxud əbədi olaraq o güzgüyə hopub qalmaq mümkünmü? Əlbəttə, yox. Amma ona cəhd göstərmək, təsir etmək, o "yuvada"- o "güzgüdə" saflıq, məsumluq yaratmaq, katarsis doğurmaq, insanı durultmaq, insana insaniyyət aşılamaq mümkündür, - hətta zəruridir də. Çünki kino işıqla yazılmış şeirdi...
Fikirimcə, sənətin, təbii ki, əsl sənətin, təsir gücünün, mahiyyəti və funksiyasının zaman adlı materialdan yoğrulması Allahın insana lütfüdür.
Bu sırada, kino sənəti də istisna deyil. Ancaq 19-cu əsrin sonlarında yaranan sinematoqrafiya (sinematoqrafiya - hərəkət edən şəkillər deməkdir), elə ilk addımındaca obyektiv çətinliklə üzləşdi: yəni, yaranmasıyla hərəkətə borclu olan, mövcudluğunu məhz hərəkət vasitəsiylə nümayiş etdirən bir sənət növü, zamanın, vaxtın hərəkətini necə durdura bilərdi?..
Tezliklə çıxış yolu tapıldı: əgər hərəkət hərəkəti dayandıra bilmirsə, demək, ONU təqlid etməli, yamısılamalıdi. Ancaq bu yolla, ya bu vasitəylə adını əbədi incəsənət növləri siyahısına yazdırmaq olar...
Kino zamanın hərəkətinə qovuşub, ya qarışıb, onu təkrar etməyə cəhd göstərən unikal sənətdir.
Kinonun materialı vaxtdır, daha doğrusu, vaxtın hərəkətidir. Bu kontekstdən yanaşsaq, deyə bilərik ki, ZAMAN anlayışı, istisnasız olaraq incəsənət növlərinin hamısında mövcuddur. Və bu anlayış, ilk növbədə təbii hadisələrin əlaqəsi, sayəsində qavranılır; eləcə də, səbəb-nəticə xarakterli, yaxud psixoloji, assosiativ də ola bilər.
Biz isə, bu kiçik ekskursdan sonra (yarızarafat da olsa), təkrarən iddia edək ki, - sinematoqrafiya ZAMANIN hərəkətini yamısılayan ilk və yeganə vizual sənət növüdür.
Maraqlı olan insanların statik, yaxud tərpənməyən "obyektdən" daha çox hərəkəti, tərpənişi görməyə meyil göstərməsidir. Bəlkə bu, zamanın hərəkətlə eyniləşdirilməsindən, yaxud həyatın ötəri, fani olmasındandan qaynaqlanır?.. Güman ki, kinofilmlərə kütləvi marağın səbəbini də, elə "görünən hərəkətə" daha çox ümid bəslənməsidir...
Düşünürəm, hətta buna əminəm ki, kinofilm onu yaradanların öz-özlərinə etdikləri ən səmimi etirafıdır. Və bəlkə də elə bu baxımdan, əsl kino əsərində əsas meyar təsadüf və konfliktlərin səbəb və nəticədən yaranması olmalıdır...
Eldeniz Quliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]