Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 12:58

“Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” publik hüquqi şəxsi tərəfindən bir sıra malların satın alınması üzrə 02.09.2026-cı ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “YUNEST” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 34.343,43 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.10.2026-cı ildə dərc edilib.
Şərtlər toplusuna görə MMC satınalan dövlət müəssisəsini tualet üçün təmizləyici vasitə, kanalizasiya üçün vasitə, xlor, qab yuyan maye, sabun, şampun, salfetka, dəftər, bloknot, sifon, birdəfəlik kağız stəkan, qolf üçün təkər və bu kimi digər mallarla təmin etməlidir. Qeyd edək ki, Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası yuxarıda göstərilən eyni malların alınması üzrə “OMNİT TT” MMC ilə 26.05.2026-cı ildə 29.134,48 manat dəyərində müqavilə müqavilə bağlayıb.
Qeyd edək ki, Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası sözügedən MMC ilə son iki-üç ayda bir neçə müqavilə bağlayıb. Həm “YUNEST” həm də başqa ad altında.
“Binanın fasad şüşələrinin yuyulması xidməti”nin satın alınması üzrə 19.819,04 manat dəyərində müqavilə 15.09.2026-cı ildə “YUNEST” MMC ilə bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanılıb.
Xatırlatmaq istərdik ki, bir mənbədən satınalma metodu “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə yalnız bu hallarda tətbiq edilə bilər: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi sözügedən MMC xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir şirkətdir. Amma buna baxmayaraq Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası qanunun tələblərini pozaraq təsərrüfat malları sifariş verdiyi MMC ilə fasad şüşələrinin yuyulması xidməti üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə şübhəli müqavilə bağlayıb.
“Bir sıra işlər”in satın alınması üzrə 39.600,39 manat dəyərində satınalma müqaviləsi 31.07.2026-cı ildə “AXS” MMC ilə bağlanılıb.
Şərtlər toplusuna görə MMC vərəm sanatoriyasında torpağın hamarlanması, ağardılma işləri – bardurlar, hasarlar, ağaclar, kanalizasiya borusunun sökülməsi, əkilmiş gül və kolluqların dekorativ baxımı, su borularının yenilənməsi, fasad səthlərin yuyulması və təmizlənməsi, binanın fasad örtüyünün düzəldilməsi, çiçək yataqlarının torpaq qatının hazırlığı və yumşaldılması kimi digər xidmətlər göstərmələdir.
Göründüyü kimi Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası həm malların alınması, həm də müxtəlif xidmətlərin göstərilməsi üçün bir MMC ilə ümumi dəyəri 93 762 manat dəyərində 3 satınalma müqaviləsi bağlamışdır.
Bəs sözügedən MMC barəsində nə kimi məlumatlar var. Açıq mənbələrdə “YUNEST” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada “YUNEST” MMC eyni VÖEN-lə həm də “AXS” MMC kimi iyul-sentyabr aylarında “Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi ilə müxtəlif xidmətlər üzrə ümumi dəyəri 140 893 manat dəyərində 3 satınalma müqaviləsi bağlamışdır.
Apardığımız araşdırma zamanı Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası “AXS” MMC-nin VÖEN-i kimi təqdim etdiyi eyniləşdirmə nömrəsinin “YUNEST” MMC-yə məxsusluğu məlum oldu. Sözügedən “YUNEST MMC 17.01.2012-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qusar rayonu, Yuxarı Ləyər kəndi, qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Yunusov Xalid Qiyasəddin oğlu olub. Daha sonra Ağasıyev Sarxan Dünyaməddin oğlu MMC-nin rəhbəti olub.
“YUNEST” MMC-nin hazırkı qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğlunun isə uzun müddət “Bank of Baku” İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışdığı, bankın İT infrastrukturu və ödəniş sistemlərinin inkişafına rəhbərlik etməsi barədə açıq mənbələrdə məlumatlar var.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması barədə məlumatlar yayılmışdı. Məlumatda bildirilirdi ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.
Cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Onların arasında Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlovun da adı keçir.
Göründüyü kimi, ötən illərdə olduğu kimi Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrindəkorrupsiya şəbəkəsi davam edir. “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlov da köhnə şakərindən əl çəkə bilmir. Adı olub özü olmayan saxta şirkətlərə yenə də mal materialların alınması və müxtəlif xidmətlər adı altında işbirliyini davam etdirir.
Aktualinfo.net

