ABŞ dövlət katibi Marko Rubio 17-22 oktyabr tarixlərində əvvəlcə Özbəkistana, oradan da Hindistana səfər edəcək.
Bu gün, 16:17

Rubio Səmərqənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə 5+1 formatında təşkil olunan görüşdə iştirak edəcək. Görüş yeri kimi Özbəkistanın seçilməsi Vaşinqtonun bu ölkəylə əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir. Təsadüfi deyil ki, Marko Rubio ilə birgə Öbəkistana ABŞ-ın 200-dən çox iri şirkətinin nümayəndəsi səfər edəcək.
Vaşinqtonun Mərkəzi Asiyaya marağı artıb. Mərkəzi Asiyanın geosiyasi mövqeyi, zəngin resursları və nəqliyyat yolları Amerika Birləşmiş Ştatlarının diqqətini çəkib. Vaşinqton Mərkəzi Asiya uğrunda rəqabətdə Rusiya və Çindən geri qalmaq istəmir. Öz növbəsində Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı inkişaf etdirməklə, bu ölkənin yatırımlarını cəlb etməyə çaışırlar. Bu Mərkəzi Asiya ölkələrinə Rusiya və Çinlə münasibətlərdə balans yaratmağa şərait yaradır.
Marko Rubionun Hindistana səfəri də diqqət mərkəzindədir. Dövlət katibi Hindistana səfəri çərçivəsində paytaxt Yeni Dehlinin əvəzinə Mumbay və Camnagar şəhərlərinə gedəcək. O, Hindistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edəcək.
Marko Rubio bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən, Hindistanın Rusiyadan neft almayacağına dair vəd verdiyini söyləmişdi. Bu açıqlamadan 3 ay sonra Rubio Hindistana səfər edərək, Yeni Dehlidə enerji mövzusunu geniş şəkildə müzakirə etmişdi. Daha sonra İran ətrafında vəziyyət gərginləşməsiylə dünyada enerji qiymətləri qalxdığına görə, Ağ Ev Hindistanın Rusiyadan neft alışına qarşı siyasətini yumşaltmaəa qərar verdi. Çinin regional ambisiyalarını məhdudlaşdırmaq baxımından Hindistanla strateji əməkdaşlıq Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ 2030-cu ilə qədər Hindistanla ticarəti 500 milyard dollara çatdırmağı planlaşdırıb. Misal üçün 2026-cı ilin altı ayında iki ölkə arasında ticarətin həcmi 140 milyard dolları keçib. Marko Rubionun Hindistana il ərzində ikinci səfərində enerji və nadir torpaq elementlərinin birgə istismarıyla yanaşı bölgədəki siyasi proseslərin müzakirə ediləcəyi proqnozlaşdırılır. Rubionun fevral ayında söylədiyinin əksinə olaraq Hindistandan Rusiyadan neft alışını dayadırmasını tələb etməyəcək. Çünki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə dizel yanacağıyla bağlı ticarətə icazə verdiyi halda, başqa dövlətdən “Rusiyadan neft almayın” tələbini səsləndirməsi məntiqə uyğun olmaz. Hindistanın neftayırma zavodları Yaxın Şərqdə və Körfəz ölkələrinin girişlərindəki boğazlarda yaranan gərginlik fonunda Rusiyanın ucuz neftinə üstünlük verirlər.
Rubionun Hindistana səfəri zamanı iki ölkə arasında birgə hərbi təlimlərinə keçirilməsi mövzusu ətrafında da fikir mübadiləsinin aparılacağını söyləmək mümkündür. Bu təlimləri Çin-Ruriya birgə hərbi təlimlərinə cavab kimi qiymətləndirmək olar. Hindistan eyni zamanda ABŞ-dan hərbi texnika almaqda davam edəcək. Halbuki, Hindistan keçmiş illərdə bu sahədə Rusiya ilə əməkdaşlıq edirdi.
Elxan Şahinoğlu
TEREF

