AMB: Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir

Bu gün, 15:57           
AMB: Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir
Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq edilən limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir.

Tribuna.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatları müəyyənləşdirməsi, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz qumar və digər qanunsuz maliyyə əməliyyatlarının qarşısını almasıdır.

Ş. Mahmudzadə qeyd edib ki, banklar müştərilərinin gündəlik əməliyyatlarını və köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər müəyyənləşdirirlər.

O bildirib ki, bir müştərinin gün ərzində beş və ya daha çox pul köçürməsi qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat hesab edilmir.

AMB rəsmisinin sözlərinə görə, müəyyən edilmiş limitləri aşan müştərilər banklara müraciət edə bilərlər. Bank əlavə araşdırma apararaq əməliyyatların qanuni olduğuna əmin olduqda köçürmələrin həyata keçirilməsinə imkan yarada bilər.

Ş. Mahmudzadə vurğulayıb ki, bu məhdudiyyətlərin əsas məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil, maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]