Kompleks Qazma İşləri Trestinin ləğvinə hazırlıq gedir - Mindən çox işçi işsiz qalacaq PREZİDENTƏ MÜRACİƏT

Bu gün, 17:18           
Kompleks Qazma İşləri Trestinin ləğvinə hazırlıq gedir -
Davam edir optimallaşma,struktur dəyişlikləri və sonu işsizlik???
İşçilər bu gün ölkə başçısına müraciət ediblər?!
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Kompleks Qazma İşləri Trestinin (KQİT) kollektivi tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm cənab Prezident!
Sizə Kompleks Qazma İşləri Trestinin (KQİT) çoxminli kollektivi adından dərin hörmət və ehtiramımızı bildirərək, üzləşdiyimiz ciddi narahatlıq və haqsızlıqla bağlı ümid yeri kimi doğrudan da yalnız Sizə sığınaraq müraciət edirik.
Bildirmək istəyirik ki, idarəmiz Sizin 7 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanınız və SOCAR-ın 12 mart 2007-ci il tarixli, 51 nömrəli əmri ilə təsis edilmiş, illər boyu ölkəmizin neft-qaz sənayesinin inkişafına böyük töhfələr vermişdir. Lakin çox təəssüf ki, bugünlərdə müəyyən maraqlı tərəflər tərəfindən dövlət başçısının Fərmanı ilə yaradılmış belə bir strateji strukturu ləğv etmək məqsədilə "SOCAR Drilling" MMC-nin yaradılması prosesinə başlanılmışdır.
Möhtərəm Prezident, dövlətimizin ali rəhbərinin Fərmanı ilə yaradılmış bir qurumun ləğv edilməsi cəhdi böyük suallar doğurur: Bu addım kimə və nə üçün lazımdır? Şübhəsiz ki, bu qərarın arxasında bəzi şəxslərin şəxsi və maddi maraqları dayanır.
Mövcud plana əsasən, Trestdə çalışan 1700 nəfərə yaxın təcrübəli işçinin işdən azad edilərək, onların yalnız 500-700 nəfərinin yeni yaradılan MMC-yə keçirilməsi nəzərdə tutulur. Bu isə minlərlə insanın taleyinə qarşı böyük ədalətsizlikdir və tamamilə absurddur:
Yüzlərlə fəhlə və mütəxəssis həyatının ən məhsuldar illərini SOCAR-a, neft sektorunun inkişafına həsr etmişdir.
İşdən çıxarılması planlaşdırılan hər bir işçinin arxasında orta hesabla ən azı 4 nəfərdən ibarət ailəsi dayanır.
Bu qərar ümumilikdə 5000 nəfərə yaxın vətəndaşın sosial rifahını, gələcəyini və taleyini böyük təhlükə altına qoyur.
Ölkəmizdə hər zaman insan amilini, zəhmətkeşlərin hüquqlarını ön plana çəkən Siz kimi humanist bir rəhbərin varlığı bizə böyük ümid verir.
Cənab Prezident!
Bizim tək ümid yerimiz Sizsiniz. Xahiş edirik ki, kimlərinsə şəxsi maraqları hesabına "SOCAR Drilling" MMC-nin yaradılması və Kompleks Qazma İşləri Trestinin ləğv olunması cəhdləri şəxsi nəzarətinizə götürülərək obyektiv şəkildə araşdırılsın, minlərlə neftçinin və onların ailələrinin pozulmaqda olan hüquqlarının bərpasına köməklik göstərilsin.
Dərin hörmət və ehtiramla,
Kompleks Qazma İşləri Trestinin (KQİT) kollektivi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]