Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52

Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platforma olaraq Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirir. AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. AQEM Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir.
Ölkəmiz 2024-cü ilin dekabrında AQEM-ə “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında sədrliyə başlayıb. Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.
Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.
Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan sədrliyinin digər mühüm istiqaməti AQEM-in məşvərətçi orqanlarının fəaliyyətinin canlandırılması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Digər mühüm hal AQEM Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılmasıdır. Qadınların iqtisadi, sosial və ictimai həyatda iştirakının genişləndirilməsi, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və gender bərabərliyinin təşviqi müasir dayanıqlı inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə Şuranın Nizamnaməsinin hazırlanması və üzv dövlətlərlə razılaşdırılması bu istiqamətdə atılan konkret addımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdəki çıxışında coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını bildirib. Dövlətimizin başçısı qeyd edib: “Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.
Prezident İlham Əliyev Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış etdiyini bildirib. “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Dövlətimizin başçısı müharibənin bizim seçimimiz olmadığını bildirərək deyib ki, bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alıb.
Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

