Zirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edir

Bu gün, 09:08           
Zirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edir
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayacaq. Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu bu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. Platforma Asiyada əməkdaşlığa töhfə versə də söhbət sadəcə Asiya ilə məhdudlaşan tərəfdaşlıqdan getmir. Sözügedən platforma daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna, Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də paltformada müşahidəçi statusu ilə təmsil olunurlar. İqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü bu platformada təmsil olunur. Söhbət bir üzv, iki müşahidəçi statusu ilə təmsil  olunan dövlətlərdən gedir. Platformaya üzv olan dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırırlar. Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyatı olan dövlət rəsmilərinin Azərbaycan paytaxtında toplaşmasından gedir. Bununla  yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib: BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. “İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın AQEM-ə üzv olan dövlətlər ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi daha da prioritetləşməkdədir. Prezident İlham Əliyev ilə  Kambocanın Baş nazirinin və eləcə də Laosun Prezidentinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır. Azərbaycan bölgədə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Böyük coğrafiyada yerləşən dövlətlər ilə əlaqələrin son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri ilə birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir. Bu Zirvə toplantısının Bakıda təşkili Azərbaycanın gücünü və bölgədəki nüfuzunu bir daha təsdiq edir.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]