ABSURD TEATR HƏLƏ İNDİKİ QƏDƏR HEÇ VAXT AKTUAL OLMAYIB! DƏLİ YIĞINCAĞINA DOĞRU GERİYƏ DÖNÜŞ…

Bu gün, 15:18           
ABSURD TEATR HƏLƏ İNDİKİ QƏDƏR HEÇ VAXT AKTUAL OLMAYIB! DƏLİ YIĞINCAĞINA DOĞRU GERİYƏ DÖNÜŞ…
Böyük İrlandiya dramaturqu Semuel Bekket Absurd teatrın yaradıcılarından biridir.
1969-cu ildə Semuel Bekket «dram və nəsr əsərlərində insan faciəsinin onun zəfərinə çevrilməsini xüsusi novatorluqla təsvir etdiyinə görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Bekketə dünya şöhrəti qazandıran «Qodonu gözləyərkən» pyesi olub. İkipərdəli pyesdə cəmi dörd personaj iştirak edir. Əsərdə hadisələr praktik olaraq bir yerdə cərəyan edir. Bu yer boş yol və onun qırağında yarıqurumuş ağaclar olan bir məkandır. Pyesin əsas qəhrəmanları Vladimir və Estraqon hansısa naməlum Qodonu gözləyirlər ki, gəlib onların problemlərini həll etsin. Sirk klounlarına oxşayan bu qəhrəmanlar tənha, ac və köməksizdirlər. Hər gün onlar səhər tezdən şərti yerə gəlir və hər axşam əliboş qayıdırlar. Qodo isə gəlib çıxmır. Bir qədər sonra onlara iki qəribə adam-Pozzo və onun xidmətçisi Lukki də qoşulur. Pyesdə iki səhnə tamamilə bir-birini təkrarlayır. Tamaşada təqdim olunan zaman kəsiyi heç nəyi ilə «dünən» və «sabahdan» fərqlənmir, bütün günlər və personajların həyatı həmişə gözləməklə keçir ki, bu da əslində ölümdür.
Estraqon: Mən bu cür bacarmıram.
Vladimir: Sənə elə gəlir.
O, əlbəttə ki, haqlıdır, çünki onlar səhnəyə gəliblərsə, pərdə düşməyincə ordan gedə bilməzlər. Dramaturq personajlarını rampanın işıqları altına tullayır və izah da etmir ki, niyə ora düşüblər və orda nə etməlidirlər. Üç divar arasına sıxılaraq, onlar pyesi nə tərk, nə də onun mənasını dərk edə bilmirlər. Bekketin buz tək soyuq novatorluğu ondadır ki, görünməmiş ardıcıllıqla əbədi «dünya-teatrdır» metaforasını realizə edir. O, öz qəhrəmanlarını həyatın məzmunsuz boşluğu ilə döyüşə tullayaraq, bizə onların vəziyyətdən necə cıxacaqlarını müşahidə etmək imkanı verir.
«Qodonu gözləyərkən» pyesi «Gözləmə teatrı» ilə səsləşir. Bundan başqa bu pyes Avropada 50-ci illərdən sonra yaradılmış «absurd teatrın» ən gözəl nümunələrindən biri sayılır.
Böyük Mirzə Cəlilin "Dəli yığıncağı" da "Absurd teatr"dır. Və Absurd teatrın əsasını deyəsən elə Mirzə Cəlil qoyub.
Etibar Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]