Ayın radiusu 45 metr kiçilib
Bu gün, 16:44

Ayın radiusu son 400-800 milyon il ərzində təxminən 45 metr kiçilib. Alimlər Ayın səthindəki 10 mindən çox gənc qırılma xəttini araşdıraraq bu qənaətə gəliblər.
"İzvestiya" nəşri xəbər verir ki, bu proses Ayın daxili qatlarının tədricən soyuması ilə əlaqədardır və Ay zəlzələləri ilə müşayiət oluna bilər. Bu amil Ayda uzunmüddətli yaşayış bazalarının qurulması üçün ərazi seçilərkən nəzərə alınmalıdır.
Tədqiqata Smitson İnstitutunun Milli Hava və Kosmos Muzeyinin planet geoloqu Tomas Uoters rəhbərlik edib. Ayı 2009-cu ildən araşdıran orbital aparatın topladığı çoxsaylı görüntülər alimlərə səth relyefinin xırda detallarını və tektonik strukturların yayılmasını öyrənməyə imkan verib.
Hesablamalara görə, Ayın radiusu son 400-800 milyon il ərzində təxminən 45 metr azalıb. Bu dəyişiklik uzun geoloji dövr üzrə hesablandıqda ildə orta hesabla 0,06-0,11 mikrometrə, yaxud hər milyon ildə 6-11 santimetrə uyğun gəlir.
Alimlər vurğulayırlar ki, bu rəqəmlər Ayın hər il eyni sürətlə kiçildiyini göstərmir. Söhbət geoloji izlər əsasında hesablanmış uzunmüddətli orta göstəricidən gedir.
Ayın radiusu təxminən 1 740 kilometrdir. Buna görə də ölçüdəki dəyişiklik çox kiçik olsa da, Ayın bərk qabığında yaranan gərginliklər və mümkün seysmik hadisələr baxımından əhəmiyyət daşıyır.

