Bərdədə xəstəxana sanitarı huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyenti 40 dəqiqə döyüb – işdən çıxarıldı
Bu gün, 00:01

70 yaşlı köməksiz xəstəyə qarşı zorakılıq edən sanitar qadının əmək müqaviləsinə xitam verilib – xəstəxanadan açıqlama
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı fiziki zorakılıq etdiyi bildirilir. Hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsində əməkdaşın işdən azad edildiyi açıqlanıb.
TEREF xəbər verir ki, bu barədə “Oxu.az” məlumat yayıb.
Məlumata görə, xəstəxanada çalışan sanitar qadın stasionar müalicə alan, 70 yaşlı və huşsuz vəziyyətdə olan kişi pasiyenti təhqir edib, daha sonra ona fiziki şiddət göstərib. Bildirilir ki, qadın köməksiz vəziyyətdə olan xəstəni təxminən 40 dəqiqə ərzində dayanmadan döyüb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı verilən açıqlamada hadisənin araşdırıldığı və zorakılıq faktının müəyyən edildiyi bildirilib.
Xəstəxananın məlumatına görə, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa yol verdiyi və zorakılıq etdiyi aşkarlanıb.
Məsələ müəssisənin Tibbi Şurasının iclasında müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəllər ona tətbiq edilmiş intizam tənbehləri nəzərə alınıb.
Xəstəxanadan bildirilib ki, sanitar qadınla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 oktyabr 2026-cı il tarixindən xitam verilib.
Qeyd edək ki, sözügedən maddə işçinin əmək vəzifələrini və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək funksiyasını kobud şəkildə pozması ilə bağlı hallarda əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarından biridir.

