Sağlam beyni qorumaq üçün gündə neçə saat yatmaq lazımdır?

Bu gün, 00:07           
Sağlam beyni qorumaq üçün gündə neçə saat yatmaq lazımdır?
Keyfiyyətli və kifayət qədər yuxu yaşlılıq dövründə beyin sağlamlığının qorunmasında, demensiya riskinin azaldılmasında mühüm rol oynaya bilər. Araşdırmaya görə, gecə 7–8 saat yatan insanlarda bu xəstəliyin inkişaf riski daha aşağıdır.

Bu barədə “Mind Megette” nəşri elmi araşdırmanın nəticələrinə istinadən yazıb.

Kanadanın York Universitetinin tədqiqatçıları gündəlik vərdişlərlə demensiya riski arasındakı əlaqəni araşdırıblar. Bunun üçün milyonlarla insanın məlumatlarını əhatə edən 69 əvvəlki tədqiqatın nəticələri təhlil edilib.

Məlum olub ki, gecə 7–8 saat yatan insanlarda demensiya riski ən aşağı səviyyədədir. Gündəlik yuxu müddəti 7 saatdan az olanlarda risk 18 faiz, 8 saatdan çox yatanlarda isə 28 faiz yüksək olub.

Bununla belə, mütəxəssislər uzun yuxunun həmişə xəstəlik səbəbi olmadığını vurğulayırlar. Bəzi hallarda normadan artıq yatmaq mövcud sağlamlıq problemlərinin, hətta demensiyanın erkən əlamətlərinin göstəricisi ola bilər.

Yuxunun keyfiyyəti də vacibdir

Yuxu zamanı beyin istirahət etməklə yanaşı, yaddaş və diqqət kimi idrak funksiyalarının qorunması üçün vacib proseslər həyata keçirir. Bu səbəbdən sağlam beyin üçün yalnız yuxunun müddəti deyil, keyfiyyəti də əhəmiyyət daşıyır.

Mütəxəssislər hər gün təxminən eyni saatda yatmağı və oyanmağı, axşam saatlarında kofein qəbulunu azaltmağı, yatmazdan əvvəl telefondan istifadəyə məhdudiyyət qoymağı tövsiyə edirlər.

Qeyd olunur ki, yaş artdıqca orqanizmin bioloji saatında dəyişikliklər baş verə bilər. Bu da yaşlı insanların daha tez oyanmasına və yuxu rejimini qorumaqda çətinlik çəkməsinə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]