Yerli istehsal tələbatı qarşılamır: Buğda idxalındakı artımın əsas səbəbləri nədir?
Bu gün, 00:04

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 224 milyon 30 min ABŞ dolları dəyərində 1 milyon 44 min 835,35 ton buğda idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 18,8 faiz, həcmi isə 18,9 faiz artıb. Buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 faizini təşkil edib.
Bəs buğda idxalının artması Azərbaycanın daxili tələbatı yerli istehsal hesabına ödəmək imkanları və idxaldan asılılıq səviyyəsi barədə nə deyir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, buğda idxalının artması ilk növbədə daxili tələbatın yerli istehsal hesabına tam ödənilmədiyini göstərir:
“Buğda idxalının 9 ayda 18,9 faiz artması ilk növbədə onu göstərir ki, Azərbaycanın daxili bazarında bu məhsula olan tələbatı yerli istehsal hesabına tam qarşılamaq mümkün olmayıb. Ancaq artımın konkret səbəbini müəyyən etmək üçün təkcə idxal rəqəmlərinə deyil, eyni dövrdə ölkədə buğda istehsalına, yığım sahələrinə, məhsuldarlığa və ehtiyatların dəyişməsinə də baxmaq lazımdır.
Burada əsas məsələ yalnız nə qədər buğda idxal etməyimiz deyil, yerli istehsalın niyə daxili tələbatı tam ödəyə bilməməsidir. Məhsuldarlığın aşağı olması, hava şəraiti və suvarma problemləri, istehsal xərcləri, eləcə də un və çörək sənayesinin tələb etdiyi keyfiyyətdə ərzaqlıq buğdanın kifayət qədər istehsal edilməməsi idxala ehtiyacı artıra bilər. İdxalın yüksəlməsi bu amillərdən birinin deyil, bir neçəsinin eyni vaxtda təsirinin nəticəsi də ola bilər”.
Akif Nəsirli Azərbaycanın buğda idxalından asılılığının kifayət qədər yüksək olduğunu bildirib. O, ölkənin buğdaya olan tələbatının yalnız 55 faizinin yerli istehsal hesabına ödənildiyini xatırladıb:
“Rəsmi açıqlamalara görə, Azərbaycanın buğda idxalından asılılığı kifayət qədər yüksəkdir. Prezident İlham Əliyev 2026-cı ildə aqrar məsələlərə həsr olunan müşavirədə bildirib ki, ölkənin buğdaya olan tələbatının yalnız 55 faizi yerli istehsal hesabına ödənilir. Həmin açıqlamada yerli istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton göstərilib. Bu, daxili tələbatın təxminən 45 faizinin idxaldan asılı olduğunu göstərir.
İdxalın 9 ayda 18,9 faiz artması bu asılılığın hələ də ciddi problem olaraq qaldığını göstərir. Təqdim olunan rəqəmlərdə idxalın dəyəri ilə həcmi təxminən eyni templə artıb. Deməli, artım əsasən buğdanın daha baha alınması ilə deyil, ölkəyə gətirilən buğdanın miqdarının çoxalması ilə bağlıdır. Bunun konkret səbəblərini müəyyənləşdirmək üçün 2026-cı ilin məhsuldarlığını, yığılan sahələrin həcmini, ərzaqlıq buğdaya tələbatı və ehtiyatların dəyişməsini birlikdə təhlil etmək lazımdır”.
İqtisadçının sözlərinə görə, dövlət dəstəyinə baxmayaraq, Azərbaycanın buğda istehsalında özünütəminetmə səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq mümkün olmayıb:
“Əsas problem ondan ibarətdir ki, Azərbaycan buğda istehsalına dövlət dəstəyi göstərsə də, özünütəminetmə səviyyəsini uzun müddət əhəmiyyətli dərəcədə artıra bilməyib. Səbəblər arasında məhsuldarlığın potensialdan aşağı olması, suvarma və iqlim riskləri, istehsal xərcləri, həmçinin yerli buğdanın keyfiyyət göstəriciləri dayanır. Ərzaqlıq buğdanın keyfiyyəti un istehsalında mühüm rol oynadığından, ümumi taxıl istehsalının artması belə idxala ehtiyacı tam aradan qaldırmaya bilər”.
Akif Nəsirli buğda idxalından asılılığın ərzaq təhlükəsizliyi baxımından da risklər yaratdığını vurğulayıb:
“Bu vəziyyət ərzaq təhlükəsizliyi baxımından da risk yaradır. Azərbaycanın buğda idxal etdiyi ölkələrdə məhsul qıtlığı, ixrac məhdudiyyətləri, müharibə və nəqliyyat problemləri yaranarsa, daxili bazarın təchizatı çətinləşə bilər. Dünya bazarında qiymətlərin yüksəlməsi isə un və çörək istehsalının xərclərinə təzyiq göstərə bilər. Hazırda buğda və un bazarında qiymətlərin sabit qalması idxaldan asılılığın təhlükəsiz olduğu mənasına gəlmir; burada xarici tədarükün fasiləsizliyi də vacibdir. FAO da Azərbaycanın buğda idxalına ehtiyacını ərzaq təminatı üzrə izlənilən əsas göstəricilərdən biri kimi qiymətləndirir”.
İqtisadçı hesab edir ki, əsas məqsəd buğda idxalını tamamilə dayandırmaq deyil, yerli istehsalın payını artırmaq və xarici tədarükdə yarana biləcək fasilələrin təsirini azaltmaq olmalıdır:
“Ona görə məqsəd idxalı tamamilə dayandırmaq deyil, yerli istehsalın payını artırmaq və xarici tədarükdə mümkün fasilələrin təsirini azaltmaq olmalıdır. Bunun üçün məhsuldarlığı yüksəltmək, suvarma sistemlərini yaxşılaşdırmaq, keyfiyyətli toxum və müasir aqrotexnologiyalardan istifadəni genişləndirmək, fermerlərin istehsal xərclərini azaltmaq və strateji ehtiyatları düzgün idarə etmək lazımdır. Əks halda, idxalın artması hər il təkrarlanan tendensiyaya çevrilə və ölkənin əsas ərzaq məhsullarından biri üzrə xarici bazarlardan asılılığını davam etdirə bilər”./Qaynarinfo.az

