"Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
Bu gün, 00:07

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sakinlərin şikayətindən sonra ərazi nəzarətə götürülüb və hazırda orada hər hansı işin aparılmadığı bildirilib.
Bizimesr.info xəbər verir ki, 3-cü massivdə, 34-cü küçə ilə 33-cü küçənin 25-ci küçə adlanan əraziyə yaxın hissəsində yaşayan sakinlər son üç gündür gecə saat 22:00-dan səhərədək davam edən tikinti işlərindən şikayət edirdilər.
Sakinlərin sözlərinə görə, yaşayış evlərinin yaxınlığında ağır texnikalar işləyir, torpaq qazılır və beton tökülürdü. Yaranan səs-küy səbəbindən ərazidə yaşayan insanlar gecə saatlarında dincələ bilmirdilər.
Sakinlər həmin ərazidə 25-30 ildir yaşadıqlarını, onların arasında yaşlı insanların, azyaşlı uşaqların və gündüz işləyərək axşam evdə istirahət etmək istəyən şəxslərin olduğunu bildirirdilər. Onlar gecə saatlarında yaşayış evlərinin yaxınlığında intensiv tikinti işlərinin aparılmasına etiraz edir, tikintinin hansı əsaslarla və hansı icazələr çərçivəsində həyata keçirildiyinin araşdırılmasını tələb edirdilər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətin bildirilib ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdədir. Həmin ərazidə tikinti işlərinin aparılması nəzərdə tutulub və müvafiq icazəverici sənədlərin alınması məqsədilə aidiyyəti üzrə müraciət edilib.
Qurumun açıqlamasına görə, sənədləşdirmə prosesi davam etdiyi müddətdə ərazidə ilkin hazırlıq işlərinin görülməsi məqsədilə texnika vasitəsilə müəyyən işlərin aparılmasına cəhd göstərilib. Lakin görülən müvafiq tədbirlər nəticəsində bu işlərin qarşısı alınıb.
İcra Hakimiyyətindən əlavə edilib ki, şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədləşdirmə işləri yekunlaşdıqdan sonra tikintinin aparılması barədə iş icraçılarına xəbərdarlıq edilib.
Hazırda ərazi nəzarətə götürülüb və İcra Hakimiyyətinin məlumatına görə, orada hər hansı iş aparılmır.
Maraqlıdır ki, sakinlərin iddiasında işlərin günlərdir davam etdiyi, ağır texnikalarla günlərdir qazıntı aparıldığı bildirildiyi halda, Səbail rayonu Badamdar qəsəbəsi nümayəndəliyinin bu tikinti ilə bağlı heç bir tədbir görməməsidir.
Məsələ içtimailəşəndən sonra Səbail RİH tərəfindən belə bir açıqlama verilməsi də maraqlı nüansdır. Rayon rəhbərliyi bu faktla bağlı məlumatsız olduqlarını önə çəkir, bəs aidiyyatı üzrə şəxslər hara baxırdı?
Məsələ diqqətimizdə saxlanacaq...

