Gündə üç dəfə yemək mütləqdirmi? Dietoloqdan açıqlama
Bu gün, 10:34

Gündə üç dəfə yemək vərdişini Rokfeller Fondunun ortaya atdığı iddia edilir.
Bizimyol.info xəbər verir ki, xarici sosial şəbəkədə yayılan videoda gündə üç dəfə qidalanma vərdişinin tarixi və aclığın orqanizmə təsiri barədə danışılır. Videoda son yeməklə yuxu arasında bir neçə saat fasilə saxlamağın qan şəkərinə və orqanizmin gecə bərpa proseslərinə təsir göstərə biləcəyi bildirilir. Həmçinin bunun hüceyrələrin yenilənməsi ilə əlaqəli autofagiya prosesi ilə əlaqəsindən bəhs olunur. (Melikekolak)
Aclıq orqanizmin özünü bərpa etməsinə kömək edirmi?
Həkim diyetoloq, Anti age üzrə mütəxəssis Leyla Zülfüqarlı Bizimyol.info xəbər portalına bildirib ki, dietologiya elminin əsaslarında balanslı qidalanma və qidanın orqanizmi qoruyucu funksiyası nəzərə alınırdı: “Gündə üç dəfə yemək vərdişinin Rokfeller Fondu tərəfindən irəli sürüldüyü iddiasının nə dərəcədə əsaslı olduğunu bilmirəm. Əslində, bu məsələ çox qədim dövrlərə gedib çıxır. Çünki dietologiya elminin əsaslarında da orta hədd prinsipi, balanslı qidalanma və qidanın orqanizmi qoruyucu funksiyası nəzərə alınırdı”.
Diyetoloq deyir ki, bütün bunlara rəğmən, qida mədədə təxminən üç saat qaldıqdan sonra yenidən aclıq hissi baş verir: “Ona görə təxminən dörd saatdan sonra orqanizmdə aclıq hiss olunur. Beləliklə, gündə üç dəfə yemək sanki labüd idi. Çünki səhər yeməyi ilə axşam yeməyi arasında çox böyük məsafə var. Deməli, günortanı da, axşamı da yemək labüd idi. Mən deməzdim ki, bu, Rokfeller Fondunun fikrinə əsaslanır. Bu çox uzaq müddətə bu gedib çıxır. Lakin zamanla aclıq istiqamıtində autofagiya prosesinin önə çıxması doğrudan da fizioloji bir hadisədir. Orqanizmə ciddi təsir edən hüceyrə yeniləyir. Hüceyrənin metoxandrası və metofaja prosesini aktivləşdirir ki, həqiqətən də uzun müddət ac qaldıqda orqanizmdə qeyri-sağlam hüceyrələr aradan çıxır, yəni sağlam hüceyrələrin bir-birini idarə etməsi müşahidə olunur”.
Həkim diyetoloqun fikrincə, uzun müddət ac qaldıqda, orqanzimdə hüceyrələr bir-birini yeniləyir: “Gündə iki dəfə yemək məsələsinə gəlincə, İslam dinində orucluq yarandığı dövrlərdən etibarən 16 saat ac qalmaqla, hətta orucluq diyeti önə çıxıb. Son dövrlərdə isə aralıqlı oruc, yəni intervallı aclıq geniş yayılıb. Bütün bunlar bilavasitə eyni məntiqi və eyni fizioloji hadisəni təsdiqləyir.
Uzun müddət, 16 saat ac qalan orqanizmdə doğrudan da hüceyrələr bir-birini yeniləyir.
Qlikogen ehtiyatı azalır. Axı bizim qaraciyərimizdə əvvəlcədən qlikogen ehtiyatı var idi. Yəni orqanizm o depodan xərcləməyə başlayır. Depodan xərcləndiyinə görə artıq yağlardan istifadə olunur. Patoloji hüceyrələrin azalması müşahidə olunur.
Hətta daha qədim dövrlərə getsək, yapon alimi Katsu Nişinin sistemi var idi. Aclıqla bir çox xroniki xəstəliklərin müalicəsi, Pol Breqqin sistemi, 21 günlük aclıq sistemi və s. nümunələr. Yəni zamanla aclığın insan orqanizminə faydasını görmüşük.
Buna aclıq diyeti, 16 saatlıq aralıqlı diyet, yaxud uzunmüddətli, detoks istiqamətli aclıq deyilir. Məsələn, mənim konseptimdə bu, həftədə bir dəfədir. Yəni bunları elmi olaraq izah edəndə çox böyük faydaları var.
Lakin aralıqlı oruc zamanı gündə iki dəfə yemək olur: səhər və axşam. Ortada 16 saatlıq fasilə olur. Lakin bunun da orqanizmə xeyirli olması birmənalı qəbul olunmur. Çünki bu, bir növ metabolizm aparatının sürətini ləngidir. Metabolizm orqanların çalışma sürətidir. 16 saat fasilə verən orqanizmdə birdən-birə metabolizm zəifləyə bilər.
Ona görə də şəkərli diabeti, insulin dirənci olan adamlarda belə, bu məsələ çox da xeyirli işləməyə bilər”.
Leyla Zülfüqarlı vurğulayıb: “Mən hər orqanizmin ehtiyacına uyğun olaraq, aclıq hissi yarandıqda yemək yeməyin tərəfdarıyam. İnsan acdıqda yeməlidir. Məsələn, gündə üç dəfə yemək sovetlər birliyindən qalan tendensiyadır. Sanki zavodlarda nahar fasiləsi var idi və insanlar ac olub-olmadıqlarından asılı olmayaraq, məcburən yemək yeyirdilər.
İndiki dövrlə ayaqlaşdıqda isə insan acdığı zaman yeməlidir. Lakin burada başqa bir məsələ də var. Məsələn, səhər yeməyinin vaxtını ötürüb günorta, yəni nahar yeməyi ilə başlamaq piylənməyə və başqa problemlərə səbəb ola bilər.
Yenə də dediklərimi ümumiləşdirsək, qidalanmada gündə iki və ya üç dəfə yemək kimi vahid bir qaydanın tərəfdarı deyiləm. Çünki hər orqanizm fərdidir. Elə orqanizm var ki, onun üçün gündə iki dəfə yemək doğrudur, eləsi də var ki, üç dəfə yemək daha uyğundur. Bütün bunlar metabolizm elmi ilə də əlaqəlidir”.
Leyla Zülfüqarlı əlavə edib: “Artıq günümüz çox sürətlidir və indiki dövrdə qidalanmanı metabolizmin sürətinə görə müəyyən edə bilirik. Yəni yanaşma artıq sadəcə kaloriyə əsaslanmır, istiqamət bir qədər dəyişib. Ona görə də mən individuallığın tərəfdarıyam. Bu fikirlərin həm doğru, həm də yanlış tərəflərini təsdiqləyirəm. Yəni gündə iki dəfə və üç dəfə yeməyin də doğru tərəfləri var”.
Günel Həsənova, Bizimyol.info

