"İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azər adıyla yanaşı daha qədim ad olan Aza forması da işlək olmuşdur."
Bu gün, 09:04

"İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azər adıyla yanaşı daha qədim ad olan Aza forması da işlək olmuşdur. Bunlar tarixi məlumatlardan apaydın görünür. Strabonun dövründə isə Aza ölkəsi artıq Azar (Azər) formasını almışdı. O yazır ki, Araz çayı Azar yanından axır, Araksena düzündən keçib Kaspi dənizinə tökülür (XI, 14,3).
İslandiyaya qədər gedib çıxan As boyları bizim ulu əcdadlarımızdır. Onlar haqqında maraqlı tarixi məlumatlar var. İslandların öz yazılı abidəsi olan Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saklardan istifadə edərək yazdığı "Kiçik Edda" əsərində göstərilir ki, As boyu Troya şəhərindən çıxıb Saks ölkəsinə gəlir, sonra yerli əhali ilə qaynayıb qarışan aslar çoxalaraq daha quzey bölgələrə , indiki İsveç və Norveç ərazilərinə yayılırlar. Müəllif yazır ki, yerli əhali Asiyadan gəlmiş bu gözəl görkəmli qərib asları maraqla qarşıladı, onlara ərazi verdi. As gəncləri yerli qızlarla evləndi, asların sayı getdikcə artdı. Sturluson yazır ki, o dövrdən xeyli vaxt keçsə də hələ də yazılı qaynaqlar asların gətirdiyi adları saxlayır(Anar, Torkel, Atlı, Qamlı, Eykin, Eynar, Asdis və s) . Həmin abidədə belə ifadə və cümlələr də var: "Troya türk ölkəsidir (25.10), türklərin ölkəsini tərk edin (25,11), Avropaya gələn aslar, buraya türk adət-ənənəsi gətirdi və burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu(25,12).
Göründüyü kimi, Güney, Quzey, Batı Azərbaycan bölgələrindən tutmuş, Azov (Azaq) dənizinə qədər müxtəlif bölgələrdə iz qoymuş böyük köçlərin iştirakçısı olan as boyları haqda xeyli qədim mənbələr və faktlar var.Orta Asiyada As, Assa, Asa,Asnas, Asar, Assı, Asılı, Ası, Aşa, Krımda Ass, Böyük-Ass, Temes-Ass, Assı-Çorakçı, Kiçik-Ass, Anadolu İran Qafqaz bölgəsində Az, Aza, Azalı, Azıx, Asay, Azal-şen, Aşağı Aza, Yuxarı Aza, Azanlı, Azaklar, Azbuğa, Aziar, Az-kala, Azman, Az-pinar, Aslı, Askara, Asman, Aspakan, Aspek, As dərəsi, As çuxuru, Aştarak kimi ad və toponimlər var".
Firudin Ağasıoğlu, azərbaycanlı alim, türkoloq, professor. "Azər xalqı" kitabından
"Mən norveçlilərlə azərbaycanlılar arasında Volqa, Don çaylarından keçməklə Baltik dənizi vasitəsilə təmasların köklərini araşdırmışam. Digər ölkələrdən olan alimlərlə birgə böyük, geniş səpkili tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişik ki, ölkələrimiz arasındakı təmaslar hətta vikinqlərdən də qədim dövrə gedib çıxır. Əldə etdiyim məlumatlar nəticəsində belə qənaətə gəlmişəm ki, Skandinaviya ölkələrində mövcud olan kral ailələri öz mənşələrini məhz Azərbaycandan götürmüşlər. Onların əcdadları sizin məmləkətdən, sizin ölkədən törəmiş, çıxmışlar".
Dünya şöhrətli norveçli alim, etnoqraf, tədqiqatçı Tur Heyerdalın Ümumilli Lider Heydər Əliyevlə ikinci görüşü zamanı səsləndirdiyi fikirdən. Bakı, prezident sarayı, 2000-ci il.
Azərbaycanlıların səhifəsi

