Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Bu gün, 10:18           
Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortaya çıxır. Bu məsələ bir daha vətəndaşların toyda qidalanma məsələsinə həssas yanaşmalı olduğunu göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesi necə tənzimləyir? Əvvəldən restoranlara baxış keçirilmir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə halların əsas səbəbi ölkədə istehlakçı hüquqlarının bərbad vəziyyətdə olmasıdır:

“Biznes qurumları üçün toxunulmaz şərait yaradılıb: yoxlamalar, araşdırmalar, baxış olmaz. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən tam sui-istifadə edirlər. Qlobal səbəb isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan bəri dəyişməz qalması, dövlətin istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Bu problem əmtəə bazarının bütün sahələrində özünü göstərir”.

E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin gecə-gündüz biznes qurumlarının yanında dayanaraq insanlara necə yemək verildiyini izləməsi mümkün deyil:

“Sadəcə olaraq, qanunların imkan verdiyi çərçivədə baxışlar keçirirlər, müəyyən sənədlər verirlər. Bundan sonra biznes qurumları, o cümlədən restoranlar və şadlıq evləri öz işlərini görürlər. İctimai nəzarət güclənməli və geniş yayılmalıdır ki, belə halların qarşısı nisbətən alınsın. Burada, necə deyərlər, Qida Təhlükəsizliyi Agentliyini də qismən günahkar hesab etmək olar. Görünür, Agentlik bütün mallara və yemək çeşidlərinə lazımi səviyyədə nəzarət edə bilməyib. Bu cür hallar həyatımızın bütün sahələrində, o cümlədən restoran biznesində mövcuddur. Belə halların baş verməməsi üçün istehlakçıları fəal olmağa çağırıram. İstehlakçılar toy sahibinin xətrinə dəyməsin deyə susmaq əvəzinə, elə toy zalından 1003 qaynar xəttinə məlumat versinlər ki, burada belə hadisələr baş verir. Nə qədər ki, ictimai nəzarət yoxdur, bu cür hallar davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]