Xaricdə xəstələnəndə müalicə pulunu kim ödəməlidir: Turist, yoxsa sığorta şirkəti?

Bu gün, 15:38           
Xaricdə xəstələnəndə müalicə pulunu kim ödəməlidir: Turist, yoxsa sığorta şirkəti?
Xaricə səyahət zamanı qəfil xəstələnmə və ya bədbəxt hadisə ilə üzləşən şəxslər üçün sığorta gözlənilməz xərclərin qarşılanmasında mühüm rol oynayır. Lakin sığorta polisinin olması bütün hallarda ödənişə zəmanət vermir. Bəs xaricdə xəstələnənlər hansı hallarda sığorta ödənişi ala bilmir?

Valyuta.az xəbər verir ki, “İpək Yolu Sığorta” ASC-nin rəsmi saytında yerləşdirilən “Səyahətin kompleks sığortası qaydaları”nda bununla bağlı şərtlər əksini tapıb.

Qaydalara əsasən, aşağıdakı hallar sığorta təminatından kənarda saxlanılır:

- Sığorta müqaviləsi bağlanmazdan əvvəl mövcud olan xəstəliklər və onların fəsadları ilə bağlı xərclər;
- Spirtli içki və narkotik maddələrin təsiri ilə əlaqədar yaranan hadisələr;
- Müharibə, iğtişaş və terror aktları nəticəsində yaranan xərclər;
- Əlavə təminat olmadan ekstremal idman növləri ilə məşğul olarkən baş verən hadisələr;
- Sığortalının qanunazidd və cinayət xarakterli hərəkətləri nəticəsində yaranan xərclər;
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş pandemiyanın nəticəsi olan hadisələr;
- Səyahət zamanı iş fəaliyyəti nəticəsində baş verən hadisələr;
- Xarici səfərdən qayıtdıqdan sonra alınan müalicə xərcləri;
- Qəfil xəstəlik və ya bədbəxt hadisə ilə əlaqəli olmayan tibbi xidmətlərə çəkilən xərclər;
- Təsdiqedici sənədlərlə əsaslandırılmayan xərclər.

Bununla yanaşı, şirkətin qaydalarına görə, 65 yaşdan yuxarı şəxslərə bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi itirilməsi üzrə sığorta ödənişi edilmir.

Sənəddə bildirilir ki, xaricdə sığorta hadisəsi ilə əlaqədar tibbi xərclər 500 avrodan artıq olduqda sığortalı dərhal şirkətin ixtisaslaşmış servis mərkəzinə məlumat verməlidir. Bu tələbin pozulması müqavilədə nəzərdə tutulan şərtlər daxilində ödənişdən imtinaya səbəb ola bilər.

Həmçinin sığorta hadisəsi barədə bilərəkdən yanlış məlumat verilməsi, tələb olunan sənədlərin təqdim edilməməsi və müqavilə şərtlərinə əməl olunmaması da ödənişdən imtina üçün əsas yarada bilər.

Qaydalarda qeyd olunur ki, bəzi istisna hallar əlavə sığorta haqqının ödənilməsi və tərəflər arasında xüsusi razılaşma əsasında sığorta təminatına daxil edilə bilər.

Sığorta ödənişinin verilməsi və ya bundan imtina barədə qərar müvafiq sənədlər təqdim edildikdən sonra 7 iş günü ərzində qəbul edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]