Kəskin qiymət artımı ipoteka verilməsində zəifləməyə səbəb olub
Bu gün, 16:34

Mənzil bazarında ciddi bahalaşma bu sahədə bir sıra məsələlərə böyük təsir göstərib. Hər şeydən əvvəl ipoteka verilməsində nəzərəçarpan zəifləmə müşahidə edilir. Hər mənzil üçün ayrılan orta vəsait məbləği azalıb. İpoteka əldə edənlərin sayında da geriləmə var. Üstəlik, müraciətçilərin fəallığı aşağı düşüb.
Bizimyol.info xəbər verir ki, İpoteka Fondunun vəsaiti hesabına ilin yanvar-avqust aylarında 262,9 milyon manatlıq ipoteka krediti verilib. İllik müqayisədə 13,7 faiz azalma qeydə alınıb. Fond sentyabra qədər ümumilikdə 3 min 221 ipoteka krediti rəsmiləşdirib.
Suallara bir-bir aydınlıq gətirək. Ümumi zəifləməni rəqəmlər göstərir. Keçən illə müqayisədə azalma ortadadır. 2025-ci ildə müvəkkil bankların vasitəsilə 442,8 milyon manat həcmində 4 min 309 ipoteka krediti verilmişdi. Bu ilin qalan aylarında həmin göstəricini geridə qoymaq inandırıcı görünmür.
Keçən il hər mənzil üçün ayrılan orta vəsait 105 min manata yaxınlaşırdı. Bu il hələlik 81,6 min manatdan danışıla bilər. İpoteka Fondunun belə az vəsait ayırması həm də işsizliyin payının artmasına görədir. Real gəlirlər olduqca azalıb, müştərilər ortaya gerçək iş sənədləri və maaş göstəriciləri qoya bilmir.
Müraciətçilərin fəallığının aşağı düşməsi daha çox qiymət artımından irəli gəlir. Hər hesabat dövründə bizi çox təəccübləndirən bahalaşma nəticələri ortaya çıxır. İnsanlar getdikcə daha çox işsizlik problemi ilə üzləşdiyindən, real gəlirlərin səviyyəsi aşağı düşdüyündən tələbləri öhdəsindən gəlmək olmur. Üstəlik, ipoteka şərtləri də sərtləşib. İndiki halda ipoteka əldə etmək imkanları məhdudlaşmağa başlayıb. Əhali üçün bu metodla mənzili sahibi olmaq şansı da xeyli azalıb.
Hər mənzil üçün ayrılan vəsaitin azlığından çox danışılmır. Maksimum 150 min manat ayrılması bazara adekvat məbləğ deyil. Paytaxtın uğurlu hesab edilən yerlərində ikiotaqlı mənzili 200 min manatdan ucuz almaq olmur. Qiymət artımı fondun indiki siyasəti ilə də uzlaşmır. Hər mənzil üçün ayrılan orta vəsait göstəricisinin aşağı düşməsi ipoteka kreditlərini getdikcə daha az sərfəli edir.

