Polietilen torbaların istehsalının artması ətraf mühiti yaddan çıxarıb

Bu gün, 16:45           
Polietilen torbaların istehsalının artması ətraf mühiti yaddan çıxarıb
Azərbaycanda polietilen torbaların pulla satışına 2023-cü ilin fevralında başlanmışdı. Onda ətraf mühitin qorunması əsas səbəb kimi göstərilmişdi. Amma həmin addım polietilen torbaların istifadəsini azaltmadı. Əksinə, pulla satış istehsalın səviyyəsinin artırıb.
Bizimyol.info xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 13,99 min ton polietilendən kisə və çanta istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 378 ton çoxdur. Yəni ümumi 20,5 faiz artım qeydə alınıb.

Əslində, 2024-cü il istehsal səviyyəsi ilə böyük fərq yoxdur. Sadəcə, keçən il azalma olmuşdu. Amma bu il yenə istehsal göstəriciləri yüksəlib.

Ümumiyyətlə, plastik qablaşdırma məhsulları ilə bağlı da eyni vəziyyətdir. İstehsal yalnız yüksəlir. Bəs ətraf mühitə mənfi təsir nə yerdə qaldı? Üç il yarım əvvəl bu arqument çox ucadan səsləndirilirdi. Belə görünür, qazanc olanda ətraf mühit də yaddan çıxır.

Dünyanın 90-dan çox ölkəsində plastik və polietilen torbaların istifadəsi ya tamamilə qadağan edilib, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Siyahıda elə dövlətlərin adı var ki, təəccüblənməmək olmur. Məsələn, Ruandada 2008-ci ildən bəri 60 mikrondan incə plastik torbaların istifadəsi, eləcə də birdəfəlik plastik qablar və PET şüşə qablar tamamilə qadağandır. Bu məhsulların satışına görə ciddi cərimələr tətbiq olunur.

Keniyada da plastik torbaların istehsalı, satışı və istifadəsi qadağandır. Bu qaydanı pozanlar ən yaxşı halda ağır cərimə ilə üzləşir. Hətta belə sahibkarları həbs cəzası da gözləyir. Hindistanda birdəfəlik istifadə olunan plastik məhsulların 19 kateqoriyası üzrə genişmiqyaslı qadağa tətbiq olunub.

İnkişaf etmiş xeyli ölkədə qadağa var. Yəni dünya polietilen torbaların istehsalını stimullaşdırmaq əvəzinə istifadə payını azaltmaq haqqında düşünür. Biz isə fəxrlə istehsal göstəricilərinin artmasını qeyd edirik. Ətraf mühiti düşünənlər belə davranmamalıdır. Daha çox o haqda düşünmək lazımdır ki, istifadə necə azalsın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]