“Google”un qurucusu 15 milyard dollar vergidən yayınmaq üçün Kaliforniyanı tərk edib
Bu gün, 17:18

“Google”un həmtəsisçisi Larri Peyc ABŞ-nin Kaliforniya ştatını tərk etməklə təxminən 15 milyard dollar həcmində potensial vergi öhdəliyindən yayına bilər.
Valyuta.az xəbər verir ki, Kaliforniyada milyarderlərin sərvətinə birdəfəlik 5 faizlik verginin tətbiqini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq. Təklif 2026-cı il yanvarın 1-nə qədər ştatda yaşayan milyarderləri əhatə edir.
Sərvəti 292 milyard dollar qiymətləndirilən 53 yaşlı Larri Peyc yeni vergi qüvvəyə minəcəyi təqdirdə təxminən 14,6 milyard dollar ödəməli ola bilərdi.
Məlumata əsasən, milyarder ötən ilin dekabrında özünə bağlı bir sıra şirkətlərin hüquqi qeydiyyatını Kaliforniyadan Delaver ştatına köçürüb. Eyni zamanda, Florida ştatının Mayami şəhərində ümumilikdə 173,4 milyon dollar dəyərində iki dəbdəbəli mülk satın alıb. Onlardan birinin qiyməti 101,5 milyon, digərinin isə 71,9 milyon dollar təşkil edib.
Kaliforniyanı tərk edənlər arasında “Google”un digər həmtəsisçisi Sergey Brin və tanınmış investor Piter Til də var.
Hesablamalara görə, ştatdan köçən dörd texnologiya milyarderinin potensial vergi öhdəliyi ümumilikdə 29 milyard dollara çata bilər.
Qeyd edək ki, Floridada fiziki şəxslərin gəlirlərinə, kapital qazancına və sərvətinə ştat səviyyəsində vergi tətbiq edilmir. Bu da bölgəni varlı iş adamları üçün cəlbedici edir.
Kaliforniyada yeni vergi təşəbbüsü ilə bağlı səsvermə noyabrda keçiriləcək. Lakin təklifin qəbul edilməsi halında belə, onun tətbiqi və milyarderlərin rezidentlik statusu ilə bağlı hüquqi mübahisələrin yaranacağı gözlənilir.

