Atlantik okeanının altından keçəcək nəhəng kabel: Bir saniyədə 30 min filmi ötürə biləcək

Bu gün, 17:38           
Atlantik okeanının altından keçəcək nəhəng kabel: Bir saniyədə 30 min filmi ötürə biləcək
“Meta” ABŞ ilə Fransa arasında uzanacaq və 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılan yeni sualtı internet kabeli üzərində işləyir. “Petal” adlanan bu sistem saniyədə 1 petabit məlumat ötürmə qabiliyyətinə malik ilk okeanlararası sualtı kabel olmağı hədəfləyir. Təxminən 6 920 kilometr uzunluğunda olacaq xətt mövcud ən yüksək tutumlu sistemlərin ötürmə qabiliyyətindən iki dəfə çox məlumat daşıya biləcək şəkildə layihələndirilir.

Valyuta.az xəbər verir ki, bu günədək 20-dən çox qlobal sualtı kabel layihəsində iştirak edən “Meta” “Petal” sistemini, əsasən, süni intellekt tətbiqlərinin və bulud xidmətlərinin artan məlumat tələbatını qarşılamaq üçün hazırlayır. Şirkət Yaponiyanın “NEC” və “Sumitomo Electric” texnologiya şirkətləri ilə birgə həyata keçirdiyi layihədə eyni fiziki infrastruktur vasitəsilə daha çox məlumat ötürməyə imkan verən fərqli fiber-optik texnologiyadan istifadə edəcək.

“Petal”ın yüksək məlumat ötürmə qabiliyyətinin sirri nədir?

“Petal”ı mövcud sualtı kabellərdən fərqləndirən əsas xüsusiyyət fiber-optik kabellərin daxili quruluşundadır. Ənənəvi fiber-optik kabellərdə işıq siqnalları bir nüvə vasitəsilə ötürüldüyü halda, “Petal” sistemində hər bir lifin daxilində iki ayrı nüvə olacaq. Beləliklə, eyni lif üzərindən bir-birindən asılı olmayan iki məlumat ötürmə kanalı yaratmaq mümkün olacaq.

Bu layihə sayəsində kabelin fiziki ölçülərini böyütmədən məlumat ötürmə qabiliyyətini artırmaq mümkün olacaq. “Meta”nın məqsədi enerji sərfiyyatını da artırmadan mövcud sistemlərin ötürmə tutumunun iki qatına çatmaqdır. “NEC” və “Sumitomo Electric” ilə birgə hazırlanan texnologiyanın gələcəkdə qurulacaq yüksək tutumlu sualtı şəbəkələr üçün də mühüm nümunə olacağı gözlənilir.

Bəs saniyədə 1 petabit məlumat ötürmək gündəlik həyatda nə deməkdir? “Petal”ın nəzəri ötürmə qabiliyyəti hər biri orta hesabla 4 GB həcmində olan təxminən 30 min filmin cəmi bir saniyədə ötürülməsinə bərabərdir. “Meta”nın təqdim etdiyi başqa bir müqayisəyə görə, bu tutum dünya əhalisinin təxminən 75 faizinin eyni vaxtda musiqi dinləməsinə kifayət edəcək səviyyədədir.

Əlbəttə, bu rəqəmlər kabelin ümumi məlumat ötürmə qabiliyyətini ifadə edir. Bu, hər hansı bir istifadəçinin fərdi olaraq həmin sürətə çata biləcəyi demək deyil.

“Petal” internet sürətini artıracaqmı?

“Petal”ın istifadəyə verilməsi evlərdə və ya mobil telefonlarda internet bağlantısının birdən-birə sürətlənəcəyi anlamına gəlmir. İstifadəçilərin əldə etdiyi sürət internet provayderlərinin təqdim etdiyi tariflərdən, yerli şəbəkə infrastrukturundan, Wi-Fi bağlantısının xüsusiyyətlərindən və qoşulmaq istənilən serverlərin yüklənmə səviyyəsindən asılı olaraq qalacaq.

Yeni kabelin əsas vəzifəsi qitələr arasında ötürülə bilən ümumi məlumat həcmini artırmaqdır. Süni intellekt sistemlərinin geniş yayılması, yüksək keyfiyyətli video məzmunlarının artması və bulud əsaslı xidmətlərin böyüməsi beynəlxalq şəbəkə bağlantılarına düşən yükü də artırır. “Petal” bu trafikin qarşılanması üçün daha yüksək tutumlu bağlantı təmin edəcək.

2029-cu ildə fəaliyyətə başlaması planlaşdırılan sistemin Atlantik okeanının iki sahili arasındakı məlumat mübadiləsi infrastrukturunu gücləndirməsi və qlobal internet şəbəkəsinin artan tutum ehtiyacının qarşılanmasına töhfə verməsi hədəflənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]