Nuru Paşanın faciəvi ölümü
Bu gün, 10:14

2 mart 1949-cu ildə İstanbulda Sütlücədə bir silah fabrikində böyük bir partlayış oldu. Qafqaz İslam Ordusu komandanı və eyni zamanda Ənvər paşanın qardaşı Nuru paşaya qurdurduğu Nuru Killigil silah-sursat fabrikinin yox olması ilə birlikdə yerli türk müdafiə sənayesinin də sonu çatacaqdı.
Dönəmin mühüm qəzetlərindən “Tasvir”in (3 mart 1949) yazdığına görə, Nuru paşa dinamitlərin alışmasının qarşısını almağa çalışarkən şəhid olub. İlk gün 7 ölü, 16 yaralı təsbit edilib. Daha sonra 30 nəfərin öldüyü elan olunub. Qəzet hadisənin laboratoriyada kimyəvi təcrübə zamanı çıxan yanğın nəticəsində baş verdiyini bildirib.
Tarixçi Atilla Oralın bu barədə belə yazır:
"Bu fabrik Cümhuriyyətin ilk illərində qurulmuş silah fabriklərindən idi. Ərəb-İsrail savaşında ərəb orduları üçün silah-sursat istehsal etdi. Fələstin xalqının haqq və azadlıq mücadiləsini fələstinlilərə silah-sursat göndərməklə dəstəklədi. Ancaq bu fəaliyyətlər ABŞ və İsrailin o dönəmdəki mənfəətlərinə heç uyğun deyildi. Nəhayət, Nuru paşaya və fabrikinə qarşı təxribat törədildi, partlayışda Nuru paşayla birlikdə fabrikdə çalışan 28 nəfər həyatını itirdi. Fabrikin partladılmasından sonra Türkiyə xaricdən silah-sursat almağa başladı.
Partlayışdan sonra Nuru paşanın bədəninin parçalarından bəziləri dağınıq şəkildə tapıldı. Qolunun yarısı, əlləri, ayağı və bəzi bədən hissələri. Hüznlü, fəqət bir hərbçi sonu...”.
15 nəfərə aid cəsəd parçaları üç ayrı tabutda paylaşdırılır. Cəsəd parçaları daha sonra morqa aparılır. Bunlar üçün Bəyazid məscidində cənazə namazı qılınır və Ədirnəqapıda hazırlanan “Nuri Killigil fabriki şəhidliyi”ndə hamısı birdən torpağa tapşırılır.
Ancaq Nuru paşanın cəsədinin ana gövdəsi 20 gün sonra Haliçdə su üstünə çıxır. Ailəsi yenidən cənazə mərasimi təşkil etmək istəyir, ancaq o vaxtı İstanbul müftisi olan Ömər Nasuhi Bilmen “Sadəcə bir cəsəd parçası üçün cənazə namazının qılına bilinməyəcəyi” ilə bağlı fətva verir, ailə pərişan olur. Nəticədə cənazə Killigilin yaxınları tərəfindən mollasız bir şəkildə 1949-cu ilin martında Ədirnəqapıdakı şəhidliyə dəfn olundu.
Araşdırmaçı-yazar Dilqəm Əhməd
TEREF

