Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
Bu gün, 08:24

Naxçıvan Dövlət Universitetinin Patologiya laboratoriyası üçün 246 min manatlıq avadanlıq alqısı vergi borcu olan şirkətə həvalə olundu
Naxçıvan Dövlət Universiteti tədris və elmi-tədqiqat bazasının gücləndirilməsi məqsədilə keçirdiyi növbəti satınalma müsabiqəsinə yekun vurub.
TEREF yazır ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi Naxçıvan Dövlət Universitetinin Patologiya laboratoriyası üçün avadanlıqların satın alınması ilə bağlı "VİVA MEDİCAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamağa hazırlaşır.

İmzalanması nəzərdə tutulan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 245.899,96 AZN (təqribən 246 min manat) təşkil edir.
12.6 min manatlıq vergi borcu və laboratoriya avadanlıqları
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib elan edilən "Viva Medical Group" MMC-nin dövlət büdcəsinə 12.617,88 AZN məbləğində vergi borcu mövcuddur.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 19A ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 10.000 AZN, qanuni təmsilçisi isə Pərviz İsgəndərsoy Nurəddin oğludur.
Tenderin texniki şərtlərinə əsasən, ayrılan vəsait hesabına universitetin Patologiya laboratoriyası üçün təşrih alətləri dəsti, elektrikli autopsiya mişarı və ekstraktoru, autopsiya-disseksiya masası (minimum 2500 mm), dizlə və ya sensorla işləyən əlüzyuyanlar, alətlər yığmaq üçün təkərli metal stollar, paslanmaz metaldan qeydiyyat stolu, yuyula bilən xərək, müxtəlif ölçülü toxuma və bioloji material qabları, eləcə də digər tibbi ləvazimatlar və qoruyucu vasitələrin alınması təmin ediləcək.

QEYD: Mətbuatda yayılan məlumatlara görə, "Viva Medical Group" şirkəti rəsmi olaraq Pərviz İsgəndərsoya məxsus görünsə də, tenderlərdə formal vasitəçi rolu oynadığı iddia edilir. Media məlumatlarında şirkətin əslində tibbi avadanlıqları Elm və Təhsil Naziri Emin Əmrullayevin qaynı Nihad Hənifəyevə məxsus "İSTEAM" MMC-dən tədarük etdiyi qeyd olunur.

Qeyd edək ki, yerli mediada daha əvvəl yayılan məlumatlara görə, bu şirkət Azərbaycan iqtisadiyyatından valyuta çıxaran məşhur şirkətlər arasında yer alıb.
2022-ci ildə yayımlanan bir araşdırmada “VIVA MEDICAL GROUP” MMC də daxil olmaqla bir neçə şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinmişdi.

Xatırladaq ki, Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus Saleh oğlu İsayevdir.

