Meksikada keçmiş gözəllik kraliçası ölü tapıldı - Foto
Bu gün, 15:24

Meksikada keçmiş gözəllik kraliçası və hüquqşünas 28 yaşlı Karina Vaskes Sançesin meyiti 34 yaşlı Armando adlı şəxsin evində aşkarlanıb.
Oxu.Az-ın "Need to Know" nəşrinə istinadən verdiyi məlumata görə, oktyabrın 15-də tapılan gənc qadının meyitində ölüm sərtliyi əlamətləri müşahidə olunub.
Armandonun sözlərinə görə, onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra o, Karinanı oyatmağa çalışsa da, qadın reaksiya verməyib. Bildirilir ki, mərhumun ağız boşluğunda qusuntu kütləsi aşkarlanıb.
İlkin ehtimallara görə, ölümə mədə möhtəviyyatının tənəffüs yollarına düşməsi səbəb ola bilər. Lakin Karinanın ailəsi bu ehtimalla razılaşmır. Yaxınları hadisənin qətl kimi araşdırılmasını tələb edirlər. Hazırda prokurorluq bu versiyanı da əsas ehtimallar sırasında nəzərdən keçirir.
Qeyd edək ki, Armando silah və narkotik maddə saxlamaqda şübhəli bilinərək oktyabrın 17-də saxlanılıb. Lakin vəkilinin müdaxiləsindən sonra oktyabrın 20-də sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
İxtisasca hüquqşünas olan Karina 2019-cu ildə gözəllik müsabiqəsinin qalibi olub. Armando onunla iki il yarım münasibətdə olduğunu iddia etsə də, gənc qadının ailəsi bu məlumatı təkzib edir. Karinanın qardaşı bacısının ölümünün təbii səbəblərdən baş vermədiyini bildirib.


