Atasının ölümündə sovet hökumətini qınayan adam İttifaqın qalmasının tərəfdarı idi.
Bu gün, 00:03

Rəşid Behbudovla bağlı sui-qəsd nəzəriyyəsi yenidən gündəm olmuşkən onu da deyim ki, mən Şıxəli Qurbanovun öldürülməsinə də inanmıram.
Niyə öldürmək istəsinlər? Novruz bayramını keçirdiyinə görəmi? Bunu iki variantdan biri ilə asanlıqla həll edə bilərdilər. Ya sakitcə yenidən qadağan edərdilər (belə də etdilər). Ya da qadağan edirlər, üstəlik, Şıxəli Qurbanovu burjua millətçiliyində qınamaqla səs-küylə vəzifədən çıxarırlar.
Bəlkə 41 yaşlı MK katibini kimsə rəqib görürdü? Bu zaman da Novruz bayramı Şıxəli Qurbanovun “Axilles dabanı” olacaqdı.Yuxarıdakı ikinci variantla zərərsizləşdirə bilərdilər.
1957-ci ildə “Antipartiya qrupu” adı veriləcək qrup Xruşşovu vəzifədən çıxarmağa cəhd etdi. Bacarmadılar, amma kimsənin burnu qanamadı. Vəzifələri kiçildi, bəziləri 5 il sonra partiyadan çıxarıldılar. Amma nəinki öldürülmədilər, heç həbs də olunmadılar.
1967-ci ilin iyun plenumunda Moskvanın birinci katibi Nikolay Yeqorıçev gözlənilmədən hərbçiləri kəskin tənqid etdi, guya Moskvanın HHM sistemi qənaətbəxş deyilmiş. Brejnev bunu özünə qarşı kəşfiyyat hücumu hesab etdi. Yeqorıçevi vəzifəsindən çıxardılar, amma əvvəlcə ittifaq nazirliklərindən birinə nazir müavini, sonra da Danimarkaya səfir göndərdilər.
Bunlarla müqayisədə Şıxəli Qurbanov nə etmişdi ki?
SSRİ Stalinin ölümündən sonra da totalitar dövlət olaraq qalırdı. Azad mətbuat, fikir və ifadə azadlığı yox idi, dissidentlər həbsə, cəza psixiatriyasına məruz qalırdılar, bəzən zorla təyyarəyə oturdub ölkədən çıxarırdılar. Bütün bunlar vardı, amma Stalin dövründəki kimi adamyeyən dövlət deyildi.
Yeri gəlmişkən, “atamı öldürdülər” deyən Gülnarə Qurbanova bir dəfə müstəqillik tərəfdarlarına dəstək olmadı. 1991-ci ilin martında İttifaqın saxlanılması haqqında referendumun keçirilməsi lehinə səs verdi. Belələrini adətən “müstəqillik əleyhinə səs verənlər” adlandırırlar ki, bu da məntiqsiz deyil. Başqa sözlə, atasının ölümündə sovet hökumətini qınayan adam İttifaqın qalmasının tərəfdarı idi.
Yadigar Sadıqlı
TEREF

