Pit Heqsetin köməkçiləri Pentaqonda tarixi əşyanı sındırıb - Foto
Bu gün, 16:44

Pentaqon rəhbəri Pit Heqsetin köməkçiləri ABŞ-nin sabiq prezidenti Duayt Eyzenhauer tərəfindən istifadə edilən təxminən 76 sm diametrlik tarixi qlobusu sındırıb.
"The Washington Post" qəzeti xəbər verir ki, əməkdaşlar mütəxəssislərin köməyi olmadan əşyanı nazirin kabinetinə aparmağa cəhd göstəriblər.
Məlumata əsasən, Pentaqonda Eyzenhauerin İkinci Dünya müharibəsi illərində istifadə etdiyi iki ədəd qlobus qorunub saxlanılır. Onlardan biri Heqsetin diqqətini çəkib və o, tarixi əşyalar üzrə mütəxəssislərə xəbər vermədən artefaktın öz otağına gətirilməsini komandasına həvalə edib. Köçürmə vaxtı qlobus yerə düşüb, zərbənin təsirindən onun oxu kürəni dəlib.
Qəzet vurğulayır ki, normal şərtlərdə tarixi əşyaların yerdəyişməsinə bu sahənin ekspertləri tərəfindən ciddi nəzarət olunur.
Bu insident fevralın əvvəllərində, federal hökumətin fəaliyyətinin qismən dayanması (şatdaun) dövründə baş verib. Məhz buna görə ABŞ Silahlı Qüvvələrinin Hərbi Tarix Mərkəzinin işçiləri ödənişsiz məzuniyyətdə olduqları üçün qlobusun daşınması prosesinə cəlb edilə bilməyiblər. Heqsetin komandası isə onların köməyini gözləmədən qlobusu özbaşına köçürməyə çalışıb, ancaq artefakt zədələndiyi üçün nazirin otağına çatdırılmayıb.
Nəşrin məlumatına görə, hadisə "hərbi idarə daxilində rüsvayçılıq" olaraq qəbul edildiyindən bu barədə məlumatlar əvvəlcədən gizli saxlanılıb.
Xatırladaq ki, Duayt Eyzenhauer 1943-1945-ci illər ərzində Qərbi Avropada müttəfiq ekspedisiya qüvvələrinin ali baş komandanı olub. O, həmçinin 1953-cü ildən 1961-ci ilə qədər ABŞ-nin 34-cü prezidenti kimi fəaliyyət göstərib.

