Aİ Ukrayna üçün təcili olaraq 70 milyard avro axtarır
Bu gün, 00:09

Avropa İttifaqı 2027-ci ildə Ukraynanın üzləşəcəyi təxminən 70 milyard avroluq maliyyə çatışmazlığını aradan qaldırmaq üçün ilin sonunadək razılıq əldə etməyə çalışır.
Tribuna.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının üzv dövlətlərə göndərdiyi daxili sənəddə qeyd olunub. Məsələ Brüsseldə noyabrın 26-27-də keçiriləcək xüsusi sammitdə müzakirə ediləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski gələn il ölkənin maliyyə ehtiyaclarının qarşılanması üçün əlavə 70 milyard avroya ehtiyac duyulduğunu bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bu çatışmazlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Sənəddə qeyd olunur ki, Rusiyanın Qara dənizdəki blokadası, eləcə də Ukraynanın biznesinə və enerji infrastrukturuna intensiv hücumlar ölkənin maliyyə ehtiyaclarının yenidən qiymətləndirilməsinə səbəb olub. Eyni zamanda, cəbhədəki vəziyyətin sürətlə dəyişməsi gələcək yardımın daha çevik təşkilini zəruri edir.
Avropa İttifaqı rəsmiləri Ukraynaya yeni kredit ayrılması variantını da nəzərdən keçirirlər. Diplomatik mənbələr bunun əvvəl razılaşdırılmış 90 milyard avroluq maliyyələşdirmə mexanizminə bənzəyə biləcəyini bildirirlər. Bununla belə, 70 milyard avroluq çatışmazlıq hələlik ilkin qiymətləndirmədir və məbləğ dəyişə bilər.
Avropa Komissiyası, həmçinin Ukraynanı 90 milyard avroluq kreditlə bağlı islahatları sürətlə həyata keçirməyə çağırıb. Həmin vəsaitin indiyədək yalnız 20 milyard avrosu ödənilib.
Bundan əlavə, sənəddə NATO ölkələrinə bu il Ukraynaya ikitərəfli hərbi yardım çərçivəsində 70 milyard avro ayırmaq çağırışı yer alıb. Vəsaitin əsasən Kiyevin prioritet hesab etdiyi pilotsuz uçuş aparatlarının tədarükünə yönəldilməsi nəzərdə tutulur.
Avropa İttifaqı liderlərinin dekabrın 17-18-də keçiriləcək növbəti sammitində də Ukraynaya uzunmüddətli dəstək və Aİ-nin gələcək büdcəsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Sənəddə beynəlxalq tərəfdaşlara Ukraynanın müdafiə qabiliyyətinin və əsas dövlət institutlarının fəaliyyətinin təmin olunması üçün əlavə yardım göstərmək çağırışı da edilib.

