Yasamalda səki zəbti-Əvvəl tikməyə göz yumurlar, narazılıq yarananda sökürlər? - FOTO
Bu gün, 10:38

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyalardan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ictimaiyyətin və sosial şəbəkə istifadəçilərinin kəskin narazılığına səbəb olub.
Bizimesr.info xəbər verir ki, yayılan məlumatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən əraziyə müdaxilə olunub, qanunsuz konstruksiyalar sökülərək səkinin zəbt edilməsinin qarşısı alınıb və piyadaların təhlükəsiz hərəkəti bərpa olunub. BŞİH-dən bildirilib ki, gələcəkdə də oxşar halların qarşısının alınması üçün monitorinqlər davam etdiriləcək.
Yasamal Rayon İcra Hakimiyyəti hara baxırdı?

BŞİH-nin reaksiyasına baxmayaraq, ortaya haqlı suallar çıxır. Niyə günlərlə göz önündə aparılan bu qanunsuz tikintiyə Yasamal Rayon İcra Hakimiyyəti və onun ərazi üzrə nümayəndəliyi vaxtında müdaxilə etməyib?
Piyada səkisinin üzərində günlərlə metal karkaslar qurulur, obyekt genişləndirilir, lakin rayona cavabdeh olan qurumlar bunu "görmür?".
Haqlı şübhə yaranır ki, belə qanunsuz tikintilərə əvvəlcə müəyyən maraqlar qarşılığında şərait yaradılır və ya göz yumulur, yalnız məsələ mətbuata sızdıqdan və yuxarı instansiyalardan tapşırıq gəldikdən sonra söküntü işlərinə başlanılır.

Təəssüf ki, Yasamal rayonu ərazisində səkilərin, kütləvi istifadə sahələrinin mənimsənilərək obyektlərə qatılması ilk hal deyil. Əgər bu dəfə məsələ sosial şəbəkələrdə işıqlandırılmasaydı və yuxarı qurumların diqqətini çəkməsəydi, Balababa Məcidov küçəsindəki bu səki də digərləri kimi özəl obyektin tərkib hissəsinə çevriləcəkdi.
Qeyd edək ki, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənovdur.

