Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…

Bu gün, 11:56           
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir –
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Kür çayının Sabirabad və Salyan rayonlarının ərazisindən keçən hissələrində sahilbərkitmə işlərinin satın alınması üzrə ″MELİORATİV MAŞIN STANSİYASI″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.125.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 23.10.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu Regional Su Meliorasiya Xidməti ilə sözügedən şirkət arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında bir müqavilə də 06.03.2026-cı ildə bağlanılıb. Vəlvələçay-Taxtakörpü kanalının tutulmuş (PK 152+80) dukerlərinin, Zaqatala rayonunun Aşağı Tala kəndini, Qusar şəhərini mühafizə edən L=100 pm uzunluğunda daş beton bəndin, Muxax çayın sağ sahilində sahilbərkitmə işlərinin satın alınması üzrə üzrə bağlanmış müqavilənin dəyəri 3.257.695,21 manat təşkil edib.

Göründüyü kimi Regional Su Meliorasiya Xidməti son 5 ay ərzində “Meliorativ Maşın Stansiyası” MMC ilə ümumi dəyəri 5 milyon manat yarıma yaxın iki satınalma müqaviləsi bağlayıb. Bu hələ son deyil.

Maraqlıdır, Regional Su Meliorasiya Xidməti niyə məhz “Meliorativ Maşın Stansiyası” MMC-ni qalib seçir?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında ″MELİORATİV MAŞIN STANSİYASI″ (VÖEN: 6800363351) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.11.2002-ci il tarixdə 5 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-yə VÖEN 30.04.2007-ci ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SABİRABAD RAYONU, BULAQLI,qanuni təmsilçisi kimi isə İbrahimov Elşad Əfqan oğlu qeyd olunub.

Dövlət qeydiyyatına alındığı vaxt MMC-nin hüquqi ünvanı SABİRABAD RAYONU, CAVAD, CAVAD KƏNDİ olub. Bu kənd ölkədə Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin anadan olduğu kənd kimi tanınır.

Bu o deməkdir ki, “Meliorativ Maşın Stansiyası” MMC dolayısı yolla Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin qohumlarından birinin adına yaradılıb. və uzun illərdir bölgədə su-meliorasiya xidmətindən gəlirlər əldə edir.

Qeyd edək ki, “Meliorativ Maşın Stansiyası” MMC təkcə Regional Su Meliorasiya Xidmətinin keçirdiyi satınalmalarda deyil, həm də həmin quruma tabeli qurumların da keçirdiyi tenderlərin qalibi olub.

Məsələn, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 24.06.2021-ci ildən 23.07.2026-cı ilə qədər “Meliorativ Maşın Stansiyası” MMC ilə ümumi dəyəri 7 975 600 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin yaxın qohumudu. O, 2006-cı ilin aprelindən sözügedən vəzifənin başındadır.

Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin himayəsində olan Sabirabad Suvarma Sistemləri idarəsi də 17.11.2022-ci ildən 29.12.2023-cü ilə qədər “Meliorativ Maşın Stansiyası” MMC ilə ümumi dəyəri 1 786 401 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Sabirabad Suvarma Sistemləri İdarəsinin rəsi də Zakir Quliyevin adamı olan Şafiq Heydərovdur. O, 2017-ci ilin aprelində bu vəzifəyə təyin edilib. Ondan əvvəl isə qurumun rəisi Zakir Quliyevin qohumu Əflan Aslanov olub.

Qeyd edək ki, istər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olduğu dövrdə, istərsə də Regional Su Meliorasiya Xidmətinin rəisi kimi Zakir Quliyevə bağlılığı ilə tanınan onlarla şirkətlər var. Amma “Meliorativ Maşın Stansiyası” MMC birbaşa Zakir Quliyevindir. Adı rəsmi sənədlərdə başqası göstərilsə də.

Hamıya məlum olduğu kimi Zakir Quliyev bu sistemdə uzun illərdir çalışır. Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsindən birbaşa Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə keçdikdən sonra yerinə qohumlarını yerləşdirib. Bu gün də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çoxsaylı kadr dəyişikliklərinə baxmayaraq Sabirabad, Saatlı, Şirvan Hacıqabul rayonlarında Zakir Quliyevin qohumları və yaxınları toxunulmaz olaraq qalmaqdadır.

Göründüyü kimi, Zakir Quliyev həm qohumlarına həvale etdiyi dövlət qurumlarının, həm də birbaşa özünün idarə etdiyi Regional Su Meliorasiya Xidmətinin keçirdiyi dövlət satınalmalarında özünə bağlı şirkətləri qalib çıxarır, milyonlarla manat vəsaitlərini istədiyi kimi xərcləyir. Burada kimin qazancı daha çox olur. Dövlətin, yoxsa Zakir Quliyevin?

Hər il milyonlarla manat dövlət vəsaiti ayrılmasına baxmayaraq respublikanın meliorasiya və su təsərrüfatının problemləri də göz önündədi, Zakir Quliyevin və qohumlarının günü-gündən çiçəklənən həyat tərzi, şəxsi təsərrüfatları və biznesləri də.

Aktualinfo.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]