“Dərviş Məstəli şah” Parisi niyə partladır?
Bu gün, 12:24

Fransa yenidən qarışıb. Dünən paytaxt Paris də daxil olmaqla ölkənin bir çox şəhərlərində on minlərlə etirazçı küçələrə tökülüşüb dağıdıcı aksiya keçirib. Məlumata görə, Fransa hakimiyyəti etirazları yatırmaq üçün meydanlara 70 mindən çox polis çıxarıb. Etirazçılar yalnız nümayiş keçirməklə kifayətlənməyib, qarşılarına çıxan bütün mağazaları dağıdıb və yağmalayıblar. Qısası, Fransada hər şey M.F.Axundovun məşhur əsərini xatırladır: “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”.
Sual oluna bilər: “Dərviş Məstəli şah cadükuni-məşhur” bu dəfə Parisdən nə istəyir? Binəva fransızların günahı nədir ki, o gözəlim Parisi parladır?
Sözsüz ki, Parisdə yaşanan budəfəki partlayışların çox önəmli səbəbləri var. Əsas səbəb isə iqtisadi və hökumət böhranıdır.
Çox uzatmadan Paris “partlayışı”nın iqtisadi səbəblərini qısa şəkildə nəzərinizə çatdıracağam.
1) Hökumət böhranı
Fransada son 9 ildə 9 hökumət bir-birini əvəz etdi. Təkcə 2022-2024-cü illərdə 4 hökumət dəyişdirdi. 2025-ci ildə qurulan Sébastien Lecornu hökumətinin ömrü cəmi 26 gün sürdü.
2) Çıxılması mümkün olmayan sosial dalan
Fransada hazırda 30 milyon işçi, 17 milyon pensiyaçı var. Bəzən pensiyaçıların sayı 20 milyona belə yüksəlir. Bu isə o deməkdir ki, Fransada işçi qüvvəsi özünün 3-də 2-nə yaxınlaşan acları da doyurmalıdır.
Rəsmi Parisi sosial xərcləri azaltmaq üçün bəzi tədbirlərə əl atsa da, bu siyasət istər-istəməz narazılıqları artırır. Belə tədbirlərdən biri də pensiya yaşının artırılmasıdır. 2023-cü ilə qədər Fransada pensiya yaşı 62 idi. 2023-də bu yaş həddi 64-ə yüksəldildi. Yaxın illərdə onun 67-yə yüksəldilməsi gözlənilir. Ən pisi isə odur ki, hər il pensiya çıxanların sayında artım, işçilərin sayında isə azalmalar yaşanır. Nəticədə işçilərin yükü artır.
Fransa xalqının nəyə etiraz etdiklərini ölkənin Həmkarlar İttifaqının 17 oktyabrda yayımladıqları bəyanat da ortaya qoyur. Bəyanatda dolanışıq qiymətlərinin artması və alıcılıq qabiliyyətinin zəifləməsinin qarşının alınması tələb olunurdu. Əmək haqlarının artırılması, məktəb və xəstəxanalar üçün ayrılan büdcənin böyüdülməsi, daha çox işçinin işə cəlb olunması və iş şəraitinin yaxşılaşdırılması kimi tələblər də bəyanatın başlıca tezislərindən idi.
3) Enerji böhranı
Etirazçıların digər tələbləri arasında enerji böhranı da var. Şagirdlərin başlatdığı etiraz aksiyalarına sonradan qoşulan “Sarı jiletlilər” əsasən bu tələbi irəli sürürlər. Onlar enerji qiymətlərinin artmasına etiraz edir, qiymətlərin dondurulmasını və bu sektorda fəaliyyət göstərən şirkətlərə daha yüksək vergilər tətbiq edilməsini istəyirlər.
4) İqtisadi tənəzzül və inflayisiya
Dərd burasındadır ki, Fransa üsyançılarının bu tələblərini yerinə yetirmək faktiki olaraq mümkün deyil. Buna Fransanın son zamanlar yaşadığı iqtisadi böhran imkan vermir.
Ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) Fransada inflyasiyanın avqust ayında 2,6 faizdən sentyabr ayında 3,4 faizə yüksəldiyini açıqlayıb. İnstitutun iddiasına görə, qiymətlərin artması ev təsərrüfatlarına, xüsusən də aşağı gəlirli qruplara təzyiq göstərir və alıcılıq qabiliyyətini azaldır. Fransanın iqtisadi böhrandan çıxaması üçün büdcənin sərt qənaət tədbirləri və xərclərin azaldılması ilə formalaşdırılması tələb olunur ki, bu da etirazların əsas səbəbidir. Başqa sözlə desək, Fransa etirazçıların tələblərini nəzərə alıb gərəkən addımları atsa, daha çox insanın narazılar ordusuna qoşulmasına yol açacaq.
Hökumət xərcləri azaltmaqla və lazımsız hesab etdiyi maddələri nəzərdən keçirməklə 54 milyard avro qənaət etməyi hədəfləyir. Təklif olunan tədbirlər arasında pensiya sxemlərində düzəlişlər də var. Fransa xalqı isə bu kəmər sıxma siyasətlərinə olduqca həssas yanaşır.
Parisin digər bir seçənəyi xarici ölkələrdən borclanmaqdır ki, bu da problemin həlli yolu deyil. Dərd burasındadır ki, Fransaya o borcu vermək istəyən bank da tapılmaya bilər. Bununla belə, Paris 2027-ci ili başı bədəninin üstündə çıxarmaq üçün təxminən 340 milyard avro borc almağa hazırlaşır. Bu isə onsuz da hazırda 3.6 trilyon borcu olan borc miqdarını 4 trilyona yüksəldə bilər. Nəticədə Fransanın xarici borcunun Ümumdaxili Məhsulunun 120%-ni keçməsi deməkdir.
Problem ondadır ki, Fransanın indiki borcu belə Avropa Birliyinin üzv ölkələrinə tanıdığı limitin 2 qatı qədərdir. Avropa Birliyinin rəsmi təlimatlarında üzv dövlətlərinə ÜDM-nin 60%-ni keçməyəcək qədər borclanma haqqı verilib. Fransa isə bu limiti çoxdan keçib və sərt kəmərsıxma siyasətləri həyata keçirməsə borclanma nisbətini ÜDM-nin 60%-nə endirə bilməyəcək.
Üstəlik, Aİ-nin nizamnaməsinə görə, ölkələrin illik büdcə kəsirləri də ÜDM-nin 3%-i keçməməlidir. Fransa isə hələ ötən il 5.1% büdcə kəsiri vermişdi. Bu il isə həmin rəqəmin 5,4%-ə yüksəlməsi gözlənilir.
Fransa iqtisadiyyatı da yaxşı heç nə vəd etmir. Müxtəlif maliyyə institutlarının hesablamalarında ən nikbin proqnozlar ölkə iqtisadiyyatının bu il sadəcə 0.4-0.6% böyüyəcəyini (IMF) göstərir. Fransa hökuməti isə israrla iqtisadi böyümənin 1% olacağını bildirir. Beynəlxalq maliyyə institutlarınən bu proqnozları iqtisadi durğunluq deməkdir. Hətta bəzi hesabatlarda böyümə nisbəti 0 olaraq göstərilir.
Qeyd edək ki, Fransanın yaşadığı bu iqtisadi böhran yalnız ona da xas deyil. Avropa Birliyinə daxil olan əksər ölkələrin rəsmi iqtisadi hesabatları vəziyyətin kritik həddə olduğundan xəbər verir. Avropanın ən böyük və stabil ölkəsi Almaniyada belə büdcə kəsiri 2,9%-ə, dövlət borcu isə ÜDM-ə nisbətdə 62,8%-ə yüksəlib. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi Avropa Birliyi təlimatlarındakı 60%-lik limitin keçilməsi deməkdir.
Ümumiyyətlə Avrozona ölkələrinin ümumi dövlət borcu təxminən 14,4 trilyon avroya çatıb. “Avrostat”ın məlumatlarına görə, 2025-ci ildə AB-nin 2025-ci ildə nominal ÜDM-nin təxminən 18,8 trilyon avro olduğunu nəzərə alsaq, bu, hardasa 82-83 faiz borclanma deməkdir.
Qısası, Fransada başlayan “Dərviş Məstəli şah” partlayışlarının yaxın zamanlarda bütün Avropanı bürüməsi qətiyyən təəccüblü olmayacaq.
Heydər Oğuz
TEREF

