Tramp, Netanyahu bir yandan seçkilərə hazırlaşır, digər yandan isə İrana növbəti təcavüzə.
Bu gün, 00:01

Tramp, Netanyahu bir yandan seçkilərə hazırlaşır, digər yandan isə İrana növbəti təcavüzə. ABŞ və İsrailin İrana yenidən hücum etməsi, müharibənin davam etməsi sülhdən daha çox real görünür.
Gəlin səbəbləri açaq.
ABŞ və İsrail İranla bağlı qarşıya qoyduqları əsas hədəflərin heç birinə çatmayıblar. Siyasi, dini və hərbi rəhbərlik sıradan çıxarılsa da, İran heç nə olmamış kimi müqavimətini davam etdirdi, danışıqlar prosesində də bir addım geriyə atmadı. Rejim dəyişmədi, uranın zənginləşdirilməsi davam edir, hətta bəzi ekspertlər İranın nüvə silahı əldə etdiyini də deyir, bundan əlavə ballistik raket proqramı daha da inkişaf edir. İranda Müdafiə Nazirliyinə yeni rəhbər şəxs kimi sırf raket sənayesinə cavabdeh şəxsin gətirilməsi onu göstərir ki, İran bu sahəni özü üçün strateji sayır və geri addım atmayacaq. Bundan əlavə, İranın proksiləri də sıradan çıxarıla bilmədi. Husilər Səudiyyə Ərəbistanının qurduğu koalisiyaya qarşı uğurlu döyüşlər aparır, Hizbullah İsrailə müqavimətini davam etdirir, İraqdakı şiə qruplaşmaları isə hər keçən gün daha da güclənirlər. Hörmüz boğazının bağlı qalması isə dünyada ciddi yanacaq problemləri yaratmaqdadır.
İran da istədiklərinə nail olmadı. İranın Tehran-Dəməşq-Bağdad-Beyrut xətti ABŞ-ni Yaxın Şərqdən sıxışdırıb çıxarmaq idisə, bu xətt istənilən effekti vermədi. Əksinə, Dəməşq itirildi, Beyrut döyüşür, rəsmi Bağdad isə ingilis bayrağı kimi ora-bura əsir. İran ABŞ və İsrailin birgə hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirəndə, cavab zərbələri ilə yanaşı, eyni zamanda ABŞ-ni regiondan tamamilə sıxışdırıb çıxarmağı hədəfləyirdi. Buna da tam şəkildə nail ola bilmədi. ABŞ hərbi bazaları zəiflədilsə də, hələ də mövcudluğunu qoruyub saxlayır.
Belə olan təqdirdə, sülh müqaviləsinin bağlanması imkansız görünür. Tərəflərin hər ikisinin təklif etdiyi şərtlər digərinə ağır gəlir və tərəflərdən heç biri tələblərindən geri addım atmır. Belə olan təqdirdə, sülhdən yox, yalnız münaqişənin dondurulmasından söhbət gedə bilər.
Paralel olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlı da eyni ssenari keçərlidir. Rusiyanın müharibəni başlamasına dair əvvəlcədən səsləndirdiyi tələblərin heç biri həyata keçməyib. Ukraynanın 25 faizi işğal edilsə belə, Ukrayna tərəfi də itirdiyi torpaqları Rusiya ərazisi kimi tanımır, tanımayacağını bəyan edir. Bu vəziyyətdə də sülhdən yox, yalnız münaqişənin dondurulmasından söhbət gedə bilər. Münaqişələrin dondurulması isə daim müharibə riskini saxlayır. Tarix də göstərir ki, bütün dondurulmuş münaqişələr yenidən alovlanır. İçi Azərbaycan-Ermənistan arasındakı Qarabağ münaqişəsinə kimi. Bir çoxları dünyada baş verən hazırkı prosesləri artıq Üçüncü Dünya Müharibəsi adlandırır. Əgər bu münaqişələr köklü həllini tapmayıb dondurulacaqsa, bu, sülh yox, sadəcə fasilə olacaq və maksimum 20 il ərzində bizi Dördüncü Dünya Müharibəsi qarşılayacaq.
ABŞ-İsrail cütlüyü nə hərbi əməliyyatlarla, nə də iqtisadi sanksiyalarla İranda istədiklərinə nail ola bildilər. Ümumiyyətlə, İranın dünyada bəlkə də bacardığı ən yaxşı şey sanksiyalardan yayınmaqdır. Eyni zamanda Rusiyaya da aid etmək olar bunu. Müəyyən fərqlər olsa da, ümumiləşdirsək, hər iki ölkə üçüncü ölkə vasitəçiləri, kölgə tankerləri, SWIFT-dən kənar maliyyə kanalları və endirimli resurs satışı hesabına sanksiya blokadasını yarır. Qısacası, hər iki ölkənin sanksiyalara qarşı immuniteti var. Bununla belə, sanksiyalar hakimiyyəti tam çökdürə bilməsə də, ölkə daxilində artan inflyasiya və sosial-iqtisadi gərginlik İran rəhbərliyi üçün ciddi daxili təzyiq faktoru olaraq qalmaqdadır.
ABŞ və İsrail İrana hücumlarda dövlət olaraq məğlub olmasalar da, Tramp (respublikaçılar) və Netanyahu faktiki olaraq məğlub olublar. Hər ikisinin şəxsi və partiyalarının reytinqi ən aşağı səviyyədədir. Hər ikisinin seçkilərdə məğlub olması gözləniləndir. Ona görə də hər ikisi bu məğlubiyyəti həzm etmir və İrana üçüncü və daha güclü hücuma hazırlaşırlar. İranda isə vəziyyət bir qədər fərqlidir. Dövlət olaraq İran müəyyən istiqamətlərdə ağır zərbələr alıb, ancaq dini rejim yerində qalır, SEPAH təsir dairəsini daha da artırıb və aqressivləşib.
ABŞ və İsrail İrana nəticə almaq üçün necə zərbələr endirə bilər? Əvvəla, rəsmi açıqlamalar da onu göstərir ki, ABŞ və İsrail cütlüyü daha çox mülki obyektlərə zərbələr endirəcək. Bu o demək deyil ki, ilk iki toqquşmada mülki obyektlər zərər görməyib. Məktəblərə, elektrik stansiyalarına, körpülərə, neft-qaz emalı zavodlarına, mülki dəniz limanlarına ağır zərbələr endirilib. ABŞ və İsrail bunu daha da inkişaf etdirə bilərlər. ABŞ və İsrail İranın maliyyə və hərbi imkanlarını kəsmək məqsədilə həm də mülki sektora xidmət edən enerji, neft-qaz, su qaynaqlarına, nəqliyyat-logistika, elektrik və telekommunikasiya kimi kritik strateji infrastrukturlara zərbələr endirə bilər.
İran Xarici İşlər Naziri Abbas Ərəqçinin maraqlı bir açıqlaması oldu. Bildirdi ki, hücum etsinlər, bizim də yarımçıq qalan işlərimiz var. Açığı, "yarımçıq" sözü diqqətimi çox çəkdiyi üçün bunu bir qədər açaq. İran nələr edə bilər?
İran uranın zənginləşdirilməsini silah səviyyəsinə (90%) çatdırmağı və nüvə silahı əldə etdiyini elan edə bilər. Əvvəlki cavab zərbələrində hücumların miqyasını müəyyən çərçivədə saxlayan İran bu dəfə İsrailin kritik hərbi bazaları ilə yanaşı, iqtisadi, enerjidaşıyıcı və infrastruktur obyektlərini kütləvi şəkildə eyni anda hədəf alar və Dimona şəhərindəki nüvə mərkəzinin yaxınlığına yox, birbaşa mərkəzə zərbə endirə bilər. Yəməndəki husilər, İraq və Suriyadakı yönümlü qruplaşmalar vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına, eləcə də Qırmızı dəniz və Bəbülməndəb boğazındakı ticarət marşrutlarına qarşı daha aqressiv və koordinasiyalı hücumlar təşkil edə bilər. İnternet kabellərinin kəsilməsi artıq ehtimal yox, rəsmi hədəfdir. Ərəqçinin açıqlamasını tammiqyaslı regional müharibə və nüvə statusunun dəyişməsinə gətirib çıxaracaq xəbərdarlıq kimi də oxuya bilərik.
İran Cənubi Qafqaz üzərindən İsrailə və Qərbə "ikinci cəbhə" təhlükəsi mesajı vermək və region ölkələrinin neytrallığını sona qədər qoruması üçün də müəyyən addımlar ata bilər. Bunu da İranın müharibə coğrafiyasını genişləndirəcəyi istiqamətlər siyahısında, zəif ehtimal da olsa, yazmaq lazımdır.
Hər iki tərəfin (ABŞ/İsrail-İran) hazırlığı onu deməyə əsas verir ki, növbəti toqquşma dalğası olacaqsa, bu daha ağır, daha zərərli olacaq.
Səxavət Məmməd
TEREF

