İordaniyada pravoslav kilsəsinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb
Bu gün, 00:10
İordaniyanın Əl-Kərək vilayətində yerləşən pravoslav kilsəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a yüksəlib. Bundan əvvəl 8 nəfərin həlak olduğu bildirilmişdi. Bizimyol.info xəbər verir ki, bu barədə İordaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücum Müqəddəs Georgi kilsəsində, Hammud rayonunda baş verib.
Səhiyyə naziri İbrahim əl-Bəddurun sözlərinə görə, hadisə nəticəsində yaralanan 27 nəfər xəstəxanalarda müalicə alır. Yaralılardan 8-i Əli bin Hüseyn adına hərbi xəstəxanaya köçürülüb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
“Al Mamlaka” telekanalının məlumatına görə, hücumu həyata keçirən terrorçu qrupun üzvləri hələ saxlanılmayıb. Hüquq-mühafizə orqanları şübhəlilərin axtarışını davam etdirir.
Hadisədən sonra paytaxt Ammanda və ölkənin digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.