Htlerin “Qartal yuvası” külə döndü – FOTO
Bu gün, 12:38

Almaniyanın Bavariya əyalətində Adlof Hitlerin göstərişi ilə 1937-1938-ci illərdə inşa edilmiş, “Qartal yuvası” adı ilə məşhur olan tarixi Kelştaynhaus iqamətgahında yanğın baş verib.
Bizim.Media “Bild” nəşrinə istinadən xəbər verir ki, yanğın dünən axşam saatlarında qəfildən başlayıb və təcili xilasetmə xidmətləri əraziyə çatanda bina artıq tamamilə alova bürünüb.
Polis hadisənin qəsdən törədildiyindən şübhələnir.
Qeyd edək ki, Kelştaynhaus Berxtesqaden yaxınlığında, dəniz səviyyəsindən 1834 metr yüksəklikdə yerləşir. Bu tarixi bina Hitler üçün çay evi kimi inşa olunmuşdu və nasist rejiminin əcnəbi qonaqlarında, eləcə də diplomatlarında xüsusi təəssürat yaratmaq məqsədi daşıyırdı.
Bununla belə, Hitlerin özü bu məkana olduqca nadir hallarda baş çəkirdi. Tikili İkinci Dünya müharibəsindən demək olar ki, heç bir ciddi zərər görmədən xilas olub və 1952-ci ildən bəri dağ mehmanxanası kimi fəaliyyət göstərir. Hazırda bura Bavariyanın ən məşhur və sevilən turizm məkanlarından biri sayılır.


