Rusiya şirkəti Alyaskada qaz layihəsini gizli maliyyələşdirə bilər
Bu gün, 09:14

Rusiya enerji şirkəti “Novatek” ABŞ-ın sanksiyaları altında olmasına baxmayaraq, Alyaskada mayeləşdirilmiş təbii qazın hasilatı və ixracını nəzərdə tutan layihəni maliyyələşdirə bilər.
Bizimyol.info xəbər verir ki, yazışmalara və şirkətin keçmiş rəhbərlərinin ifadələrinə görə, layihəni həyata keçirməyi planlaşdıran ABŞ-ın Polar LNG şirkətinə 15 milyon dollaradək vəsait ayrılması müzakirə olunub.
Nəşrin məlumatına görə, “Novatek”in layihədə mümkün iştirakı ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kreml ilə təmasları zamanı da gündəmə gəlib. Bununla belə, Amerika rəsmilərinin şirkətlər arasındakı əlaqələrdən xəbərdar olduğuna dair sübut yoxdur.
Polar LNG-nin keçmiş baş direktoru Coel Riddl mümkün Rusiya maliyyələşdirməsi ilə bağlı ABŞ administrasiyasını araşdırma aparmağa çağırıb. “Novatek” isə layihədə minoritar səhmdar statusu əldə etməyə çalışdığını bildirib.
Layihə Alyaska sahillərində qazın mayeləşdirilməsi üçün dəniz platformasının tikintisini nəzərdə tutur. Lakin təşəbbüs sanksiyalar, texniki çətinliklər və ekoloji risklərlə bağlı problemlərlə üzləşir.

