Zəfər parkında və Muzey Mərkəzinin qarşısında mobil telefonla aparılan, kommersiya məqsədi daşımayan məktəbli çəkilişini qadağan edən hansı normativ hüquqi akt, hansı maddə və ya bənddir?

Bu gün, 08:18           
Zəfər parkında və Muzey Mərkəzinin qarşısında mobil telefonla aparılan, kommersiya məqsədi daşımayan məktəbli çəkilişini qadağan edən hansı normativ hüquqi akt, hansı maddə və ya bənddir?
Bu gün məktəblilərlə birlikdə Zəfər parkına, Hərbi Qənimətlər Parkına və Muzey Mərkəzinin önünə getmişdik. Məqsədimiz sadə idi: uşaqların gözü ilə Zəfəri anlatmaq, onların dilindən Vətən müharibəsi, qəhrəmanlıq və qələbə haqqında bir videoçarx hazırlamaq.
Hərbi Qənimətlər Parkındakı çəkiliş məhdudiyyətlərini müəyyən qədər anlamaq olar. Hərbi eksponatlar, təhlükəsizlik tələbləri, xüsusi rejim — bunların hər biri ayrıca qaydaların tətbiqinə əsas verə bilər. Amma Muzey Mərkəzinin qarşısında və Zəfər parkında mobil telefonla, heç bir kommersiya məqsədi daşımayan məktəbli çəkilişinə niyə icazə verilməməlidir?
Mən bu ölkənin vətəndaşı olaraq niyə uşaqların Zəfər haqqında video hazırlaması üçün Heydər Əliyev Fondundan, hansısa nazirlikdən və ya başqa bir qurumdan icazə almağa məcbur olmalıyam? Söhbət film çəkilişindən, reklamdan, kommersiya layihəsindən getmir. Söhbət məktəblilərin öz tarixləri haqqında danışmasından gedir.
Əgər konkret ərazidə xüsusi təhlükəsizlik rejimi varsa, bunu əsaslandırmaq olar. Əgər hansısa gün rəsmi tədbir keçirilirsə, həmin tədbirin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyət qoyula bilər. Ancaq bütün bunlar ictimai məkanda telefonla çəkilən hər bir maarifləndirici video üçün əvvəlcədən hansısa qurumdan icazə alınmasını avtomatik olaraq əsaslandırmır.Bu gün Zəfər parkında mühafizəçidən niyə çəkilişə icazə verilmədiyini soruşdum. Cavab belə oldu: "Çünki burada tədbirlər keçirilir"
Necə yəni? Bu boyda park yalnız tədbirlər keçirilməsi üçün salınıb? Bura ancaq rəsmi şəxslər gəlib əklil qoyanda, mərasimlər keçiriləndə, protokol şəkilləri çəkdiriləndə istifadə olunmalıdır? Bəs məktəblilər? Bəs ailələr? Bəs tariximizi öyrənmək, onu öz sözləri və görüntüləri ilə gələcək nəsillərə çatdırmaq istəyən vətəndaşlar?
Maraqlıdır, biz uşaqlara Zəfəri sevməyi, onunla qürur duymağı öyrədirik, amma onlar Zəfərin rəmzinə çevrilmiş məkanda bu barədə video çəkmək istəyəndə qarşılarına «qadağandır» cavabı çıxır. Zəfər parkında və Muzey Mərkəzinin qarşısında mobil telefonla aparılan, kommersiya məqsədi daşımayan məktəbli çəkilişini qadağan edən hansı normativ hüquqi akt, hansı maddə və ya bənddir?
Uzun sözün qısası, bu gün 11–12 yaşlı məktəblilərlə bu boyda şəhərdə harada dayanıb video çəkmək istədiksə, "qadağandır" cavabı ilə qarşılaşdıq.
Uşaqlar hazırlaşmışdılar, sözlərini əzbərləmişdilər, həvəslə gəlmişdilər. Biz də düşünürdük ki, bu yaşda uşaqlar üçün tariximizi öyrənməyin ən yaxşı yollarından biri onu kitab səhifələrindən çıxarıb canlı məkanda hiss etməkdir.günün sonunda məni ən çox düşündürən nə mühafizəçilərin cavabı oldu, nə də icazə məsələsi.
Şagirdlərdən biri mənə çox gözəl bir söz dedi:
"Günel müəllimə, biz bu tədbiri niyə hazırlayaq axı? Bizi sayan yoxdu". Uşağa bundan daha pis hansı dərsi verə bilərik?
Biz məktəblilərə vətənpərvərlikdən, təşəbbüskarlıqdan, fəallıqdan, milli yaddaşdan danışırıq. Onlardan tədbirlərdə iştirak etməyi, tariximizi öyrənməyi, Vətənə bağlı böyüməyi gözləyirik. Amma uşaq bu sözləri əmələ çevirmək istəyəndə ona şərait yaratmaq əvəzinə olmaz deyiriksə, onda danışdıqlarımızla etdiklərimiz arasında uçurum yaranmırmı?
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]