Ümidi ölmüş dünya...

Bu gün, 00:09           
Ümidi ölmüş dünya...
Bu gün dünyada bizimlə paralel bir məsələ ciddi müzakirə edilir – dünya ölkələrinin hökumətləri (ən azından bir qismi), eyni bizim hökumət kimi, tənqidlərə, ekspertlərin yaşam çətinlikləri ilə bağlı obyektiv fikirlərə, “görmürsünüz, kafe-restoranlar doludur”, kimi, güya, özlərini haqlı çıxardacaq cavab verirlər.
Son illər bu məsələ ilə bağlı çox maraqlı araşdırmalar var, uzun-uzadı onlardan sitat gətirməklə sizi yormaq istəmirəm, amma, bu araşdırmaların gəldiyi nəticə odur ki, kafe-restoranların dolu olması insanların yaxşı yaşadığı göstəricisi deyil də, gələcəyə ümidsizliyin bariz sübutudur.
Bir çox tanınmış araşdırmaçılar öz məqalələrində deyirlər ki, insanlar, əsasən də gənclər, dünyanın bir çox ölkəsində işləyərək ev-maşın ala biləcəklərindən ümidlərini tamamən üzüblər. Daşınmaz əmlakın kəskin bahalaşması, yeni avtomobillərin baha olması, insanları pul yığmaq kimi vərdişlərini unutdurmağa başlayıb – insanlar əsl, “5 günlük dünyadır”, prinsipinə yaxın, “onsuz da az qazanıram, yığıb nəsə edə bilməyəcəm, elə arada dostlarla kafelərə, restoranlara getmək, maaşımı bunun üçün xərcləmək daha məntiqlidir”, yanaşması ilə yaşamağa başlayıblar.
Bunun ağır nəticlərini bu gün etirazlarla boğulan Avropada görürük – miqrant problemi ilə yanaşı, o görüntülərin “memarı” həm də ümidsizlik, çarəsizlikdir.
Son 6 ildə Dünyanı doladılar, yerindən oynatdılar, “pandemiyanın” cinayətkarcasına idarə edilməsi, insanları yoxsullaşdıran addımların atılması, orta sinfin bilirəkdən məhv edilməsi cəhdi, sonda dünyada belə bir mənzərə yaradıb-yaradacaq.
Dünyada etirazlar, xaos artacaq, çünki, ƏSL SABİTLİYİN dayağı həmişə orta sinif olub, indi bu sinfə qarşı “səlib yürüşü” elan edilib, 5% varlı, 95% kasıb əhali formalaşdırılır – bu axmaq ideyanın müəllifləri anlamırlar ki, tarixən məhz kasıb əhali qeyri-sabitliyin əsas hərəkətverici qüvvəsi olub. Avropa, ABŞ, Yaponiya və s. kimi demokratik ölkələrdə son 80 ildə məhz orta sinfin artması, əhalinin 60-70%-nin məhz bu sinfə keçid etməsi sabit və dayanıqlı inkişafı təmin etmişdi.
Özləri, öz əməlləri ilə bu sinfə divan tutdular – nəticədə xaos, qeyri-sabitlik daha da artacaq. Ümidi ölmüş dünyaya yeni ideyalar lazımdır ki, yenidən orta sinfin canlanması ilə rifahın yüksəlməsinin şahidi olaq...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]