“Dedi ki, aldığı 6 min manatın hamısı Elbrus müəllimə çatacaq və bir ayın içində qız işə götürüləcək." VİDEO
Bu gün, 16:18

Naxçıvan Dövlət Universitetində işə düzəltmək və tələbə köçürmək vədi ilə vətəndaşların minlərlə manatının mənimsənildiyi iddia olunur. “Gündəlik Naxçıvan”a müraciət edən şikayətçilər deyirlər ki, rektorun adından danışan universitet müəllimlərinə işə düzəltmək üçün 6 min, tələbə köçürmək üçün isə min manat veriblər.
Lakin nə vədlər yerinə yetirilib, nə də pullar qaytarılıb. Şikayətçilər pullarını geri istədikdə hədələndiklərini bildirirlər.
Təhlükəsizliyi üçün adının açıqlanmasını istəməyən valideyn deyir ki, qızı əvvəllər universitetin qadın müəllimlərindən birinin yanına hazırlığa gedib:
“Dedi ki, aldığı 6 min manatın hamısı Elbrus müəllimə çatacaq və bir ayın içində qız işə götürüləcək. Altı ay keçib, nə pulu qaytarır, nə də işə düzəldir. Hər dəfə deyir ki, bu gün rektor Elbrus müəllimlə danışacaq, sabah çağıracaq. Amma ortada heç nə yoxdur. Bu məsələ məni o qədər əsəbiləşdirib ki, əsəb xəstəsi olmuşam, dərman qəbul edirəm”.
Şikayətçi bildirir ki, pulunu geri istədikdə və məsələni ictimailəşdirmək niyyətini açıqladıqda həbs olunacağı və qohumlarının universitetdən çıxarılacağı ilə hədələnib:
“Mənim kimi xeyli şikayətçi var. Qorxudan heç kim danışa bilmir. Hədələyib deyirlər ki, rüşvət təklif etdiyiniz üçün sizin özünüzü tutdurarıq. Sonra deyirlər ki, qohumlarınızı universitetdən çıxararıq. Mənim istəyim odur ki, məsələ araşdırılsın, pulumun aqibəti bəlli olsun və mənim kimi başqa insanlar da zərər çəkməsin”.
Digər şikayətçi M. B. isə övladının Naxçıvan Dövlət Universitetinə köçürülməsi üçün min manat verdiyini, lakin vədin yerinə yetirilmədiyini bildirir:
“Universitet müəllimlərindən biri dedi ki, rektorla danışıb, köçürmə üçün min manat istəyir və məsələni tezliklə həll edəcək. Mən də inanıb pulu verdim. Üç aydan çoxdur ki, nə köçürmə baş tutur, nə də pulumu qaytarırlar. Hər dəfə pulumu istəyəndə hədə-qorxu gəlirlər. Mənim kimi bir neçə valideynlə birlikdə polisə getdik. Dedilər ki, biz Elbrus müəllimə heç nə edə bilmərik”.
“Gündəlik Naxçıvan”ın səsləndirilən iddialarla bağlı suallarını NDU-da cavablandırmaqdan imtina ediblər.

