Çində iki ailənin 200 ildən çox davam edən mübahisəsini saralmış sənəd sonlandırdı

Bu gün, 16:24           
Çində iki ailənin 200 ildən çox davam edən mübahisəsini saralmış sənəd sonlandırdı
Çinin Sian şəhərində iki ailə arasında torpaq sahələrinin sərhədi ilə bağlı 200 ildən çox davam edən mübahisə başa çatıb.

Oxu.Az "South China Morning Post"a istinadən xəbər verir ki, Du və Çjan ailələri evləri arasındakı sərhədlə bağlı uzun illərdir mübahisə ediblər.

Bu yaxınlarda Du ailəsi mətbəxi təmir etmək və divarı hündürləşdirmək qərarına gəlib. Lakin qonşuları işıqlandırma və su ilə bağlı problemlərin yarana biləcəyini əsas gətirərək buna etiraz ediblər. Mübahisələr bəzən əlbəyaxa davaya da çevrilib. Polis və kənd komitəsi dəfələrlə tərəfləri barışdırmağa çalışsa da, buna nail ola bilməyib.

Barışıq cəhdlərindən biri zamanı Çjan ailəsi torpaq sahəsinə dair qədim sənəd təqdim edib. Sənəd imperator Tsyanlunun hakimiyyətinin 46-cı ilinə aiddir. Saralmış səhifədə əlyazma mətn qorunub saxlanılıb.

Çjan ailəsinin sözlərinə görə, bu sənəd iki ailə arasında bağlanmış müqavilə olub və həyətlər arasındakı sərhədi müəyyən edib. Sərhədin yeri həyətdəki xurma ağacı ilə işarələnib.

Beləliklə, hakimiyyət orqanları mübahisənin 200 ildən çox davam etdiyini müəyyən ediblər. Bu müddət ərzində hər iki ailənin müxtəlif nəsilləri torpaq sahələrinin sərhədinə görə dəfələrlə münaqişə yaşayıblar. Mübahisələr hətta 1949-cu ildə Çin Xalq Respublikası qurulduqdan qısa müddət sonra da davam edib.

Bununla belə, hakimiyyət orqanları sərhədi yalnız qədim sənədə əsasən müəyyən etməyiblər. Ərazidə ölçmə işləri aparılıb və hər iki ailənin razı qaldığı təmir planı hazırlanıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]