Azərbaycanın interkulturalizm modeli

Bu gün, 17:59           
Azərbaycanın interkulturalizm modeli
Prezident İlham Əliyevin Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq: Bölünmüş dünyada körpülərin qurulması” devizi ilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu nitqi Azərbaycanın qlobal dialoq mərkəzi kimi statusunu təsdiqləməklə yanaşı, milli dövlətçilik təfəkkürümüzün mənəvi təməli olan Azərbaycançılıq ideologiyasının tarixi və müasir fəlsəfəsini bir daha sistemli şəkildə ortaya qoydu.
Azərbaycanın qlobal sülh və mədəniyyətlərarası həmrəylik təşəbbüslərinin ("Bakı Prosesi") arxasında əsrlər boyu formalaşmış dövlətçilik ənənəsi, etno-mədəni harmoniyanı qoruyub saxlamaq bacarığı və tarixi varislik prinsipi dayanır. Prezident İlham Əliyevin dövləti idarəetmə strategiyasında Azərbaycançılıq yalnız müəyyən bir etnosun milli-mədəni özünütəsdiq konsepsiyası deyil, bu torpaqda yaşayan bütün xalqların, etnik qrupların və konfessiyaların ortaq dəyəri, birləşdirici bayrağıdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycançılıq məfkurəsi müasir dövrdə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə – Zəfər Doktrinası və Qlobal İnteqrasiya Modeli səviyyəsinə qaldırılmışdır. VII Ümumdünya Forumunun tribunasından verilən mesajların ən mühüm mahiyyəti ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində və lokal anti-terror tədbirlərində qazanılan tarixi Zəfər Azərbaycançılıq ideologiyasının praktiki qələbəsi idi. Ölkəmizdə yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid Vətən uğrunda, eyni səngərdə çiyin-çiyinə vuruşaraq bu ideologiyanın sarsılmazlığını nümayiş etdirdilər.
Prezident İlham Əliyev nitqində Azərbaycanın daxili sabitlik və harmoniyanı necə qoruduğunu dünyaya nümunə kimi göstərmişdir. Ölkə daxilində bərqərar olan bu "multikultural ailə" modeli xarici siyasətdə "Bakı Prosesi" vasitəsilə bəşəriyyətin üzləşdiyi ksenofobiya, islamofobiya və irqçilik böhranlarına qarşı ən effektiv alternativ kimi çıxış edir. Azərbaycanın müasir multikulturalizm və tolerantlıq modeli təsadüfi siyasi konyuktura deyil, minilliklərlə ölçülən tarixi genetik yaddaşın nəticəsidir.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqi Azərbaycanın keçdiyi bu şanlı və keşməkeşli tarixi yolun məntiqi yekunudur. Xanlıqlar dövrünün pərakəndəliyi göstərdi ki, milli birlik və vahid ideologiya olmadan dövlətin müstəqilliyini qorumaq imkansızdır. Məhz bu acı dərsdən nəticə çıkaran müasir Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sarsılmaz şəkildə birləşmişdir.
Müasir Azərbaycan dövləti Albaniyanın multikultural genetik kodlarını, Şirvanşahların şəhərsalma mədəniyyətini, Ağqoyunlu diplomatiyasını, Səfəvilərin mərkəzləşdirilmiş dövlətçilik təfəkkürünü və Əfşarların hərbi cəsarətini özündə sintez edərək regional liderə çevrilmişdir.Bu gün Bakıdan dünyaya yayılan "Ortaq gələcək naminə dialoq" çağırışı minillik dövlətçilik irsimizin, zəngin ethno-mədəni mozaikamızın və sarsılmaz Azərbaycançılıq ideologiyamızın bəşəriyyətə sunduğu ən böyük töhfədir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]