Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır?
Bu gün, 00:03

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:
1. Tam orta ümumtəhsil məktəbi – 2 000 manat
2. Lisey - 2 200 manat
3. Gimnaziya – 2 200 manat
4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2 500 manat
5. İnternat tipli lisey – 3 000 manat
6. İnternat tipli gimnaziya – 3 000 manat.
Bu addım məktəblərin maliyyə təminatının gücləndirilməsi baxımından əhəmiyyətli olsa da, əsas sual ayrılan vəsaitin şagirdlərin təhsil keyfiyyətinə nə dərəcədə təsir göstərəcəyidir.
Bu gün bir çox valideyn övladının məktəbdə aldığı təhsili yetərli hesab etmir və əlavə hazırlıq üçün repetitorlara müraciət edir. Ailələr dövlət məktəbində təhsil alan uşaqlarının bilik səviyyəsini artırmaq məqsədilə əlavə xərclər çəkməli olurlar.
Bu məbləğlər müasir təhsil tələblərini qarşılamaq, məktəblərin maddi-texniki bazasını gücləndirmək və təhsilin keyfiyyətini artırmaq üçün kifayət edirmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu vaxta qədər də dövlət büdcəsindən hər bir şagirdin təhsil alması üçün müvafiq vəsait ayrılırdı:
“Ölkəmizdə dövlət icbari təhsili ödənişsiz təmin edir. Hətta X və XI siniflərdə də şagirdlər pulsuz təhsil alırlar. Sadəcə, burada problem ondan ibarət idi ki, bəzi məktəblərdə bir sinifdə 2-5 şagird olduğu halda, həmin şagirdlərin maliyyələşdirilməsi ilə 25-30 şagirdin maliyyələşdirilməsi, demək olar ki, bərabər olurdu.
Bu da təbii ki, dövlət büdcəsinə əlavə maliyyə yükü yaradır, dövlətin planlaşdırma prosesinə ciddi təsir göstərirdi. Bu baxımdan adambaşına maliyyələşdirmə tətbiq edildikdə, hər bir şagird üçün müəyyən məbləğ ayrılır".
Onun sözlərinə görə, repetitor hazırlığına ehtiyacın yaranmasının əsas səbəblərindən biri ali məktəblərə qəbul imtahanlarının proqramının məktəbdə tədris olunan proqramdan fərqlənməsidir:
“Yəni şagird bir tədris ili ərzində müvafiq sinif üzrə təhsil proqramını mənimsəyir, amma qəbul imtahanları bütün tədris müddətini əhatə edən mövzular əsasında keçirilir. Məsələn, şagird XI sinifdə oxuyursa, qəbul imtahanında iştirak etmək üçün V sinifdən XI sinfə qədər olan materialları mənimsəməlidir.
Bu da onun əlavə hazırlığa ehtiyac duymasına səbəb olur. Valideynlər övladlarının ali məktəbə qəbul olması üçün repetitor yanına getməsini zəruri hesab edirlər. Ona görə də qəbul imtahanlarının modelində dəyişiklik edilməlidir”.
Ekspert qeyd edib ki, ümumilikdə, təhsil sistemində adambaşına maliyyələşdirmənin tətbiqi təhsilin inkişafına və tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:
“İndiyə qədər izafi xərclər çox olurdu. Adambaşına maliyyələşdirmə isə məktəblər arasında rəqabət mühitinin formalaşmasına, təhsil müəssisələrinin fəaliyyətlərini daha səmərəli qurmasına və tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq”.

