Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
Bu gün, 00:05

“Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti daha bir tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, bu dəfə tender Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən keçirilib. Satınalma predmeti Şəmkir rayonunda avtomobil yollarının təmiri işləridir. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 771 922,46 manatdır.
Bununla da şirkətin 2026-cı ildə qazandığı tenderlərin sayı 4-ə çatıb. Xatırladaq ki, “Gəncə Körpü Tikinti-2” ASC cari ildə Gəncə Şəhər İcra Hakimiyyətinin yolların əsaslı təmiri, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin dövlət mənzil fonduna aid binaların təmiri, eləcə də Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması ilə bağlı keçirdiyi tenderlərin də qalibi olub.
Şirkətin bu dörd tender üzrə qazandığı satınalmaların ümumi maliyyə dəyəri 29 327 769,70 manat təşkil edir.
“Gəncə Körpü Tikinti-2” ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılıb, 2001-ci ildən isə səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-dır.
Şirkətin qanuni təmsilçisi Məhərrəm Aslan oğlu Zeynallıdır. Açıq mənbələrdəki məlumatlara görə, Məhərrəm Zeynallı ASC-nin İdarə Heyətinin sədri, tikinti sahəsində fəaliyyət göstərən iş adamı Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. Şirkətin Aqibət Məmmədova məxsus olduğu bildirilir.

